Qvardiola “Sauthempton” üzərində qələbəni şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Sauthempton”la Premyer Liqanın 9-cu turunun ev oyununu (1:0) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Onlar topla müdafiə olunurdular. Topla müdafiə oluna bilərsiniz, onlar isə bu işdə həqiqətən yaxşıdırlar, Premyer Liqanın ən yaxşılarından biridirlər. “Sauthempton” bizim qədər çox fürsət yaratmadı, amma təəssüf ki, biz ikinci qolu vura bilmədik.

Rəqibin bu işdə xidməti böyükdür, hər şey bizim diqqətsizliyimizdən və əzgin oynamağımızdan qaynaqlanmır. Mənə belə bir hiss hakim deyil. Düşünürəm ki, biz yaxşı idik, bəzən onlar da yaxşı olurdular. Biz bununla barışmalıyıq”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, autsayder üzərində qələbə “Mançester Siti”yə ağır zəhmət bahasına başa gəlib. Oyunda yeganə qolu “şəhərlilər”in norveçli mərkəz hücumçusu Erlinq Haland vurub. “Qolçu vikinq” oyunun 5-ci dəqiqəsində qapını sərrast nişan alıb.

9 turdan sonra “Mançester Siti” 23 xalla Premyer Liqanın yarış cədvəlinə şərti olaraq başçılıq edir. 8 oyundan 21 xalla 2-ci pillədə qərarlaşmış “Liverpul” mümkün lider qismindədir. “Sauthempton” isə 1 xalla Premyer Liqanın sonuncu, 20-ci pilləsində qərarlaşıb.

Yeri gəlmişkən, Xosep Qvardiola alman mütəxəssis Tomas Tuxelin İngiltərə yığmasına təyinatından da söz açıb: “Tomas Tuxel İngiltərə yığmasının məşqçisidirmi? İrəli! Bu işdə ingilislərdən tam dəstək olmalıdır. Son addımı atmaq üçün İngiltərə yığması qənimət qazanmalıdır. Qaret Sautqeyt buna çox yaxın idi. İndi qurum (İngiltərə Futbol Assosiasiyası) növbəti addımı atmaq istəyir”, deyə “Pep” vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: