Qvardiola: “Son oyunda hər şey öz əlimizdə olacaq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada “Tottenhem” üzərində qazanılmış vacib qələbəni şərh edib.

Arena.az məlumat verir ki, “şəhərlilər” 34-cü turdan təxirə salınmış oyunda “mahmızlar” üzərində 2:0 hesablı səfər qələbəsi qazanmaqla, Premyer Liqanın yarış cədvəlinin zirvəsində möhkəmləniblər.

“Son oyunda hər şey öz əlimizdə qalır. Son oyun – ən çətin oyundur. Bu, “Aston Villa” ilə oyunda baş verib. Çox-çox illər əvvəl eyni şey “Kuinz Park Reyncers”lə oyunun 90+4-cü dəqiqəsində qol vurmuş Serxio Aqueronun da başına gəlmişdi. Beləliklə, bu oyun eyni olacaq. İndi mən sakitəm, diqqətimi Antonio, Bouen, Uord-Praus üzərində cəmləşdirmişəm”, – BBC “Pep”dən sitat gətirir.

37 oyundan 88 xalla “Mançester Siti” Premyer Liqanın yarış cədvəlinə başçılıq edir. “Arsenal” 86 xalla 2-ci pillədə qərarlaşıb. Beləliklə, İngiltərə Premyer Liqasının cari mövsümünün çempionu məhz sonuncu, 38-ci turda müəyyənləşəcək.

Sonuncu turda “Mançester Siti” “Vest Hem”i, “Arsenal” isə “Everton”u qəbul edəcək.