Məlum olduğu kimi, “Mançester Siti” növbəti mövsümün UEFA Çempionlar Liqasına vəsiqə əldə etmək uğrunda mübarizə aparır.
Arena.az məlumat verir ki, “şəhərlilər” İngiltərə Premyer Liqasının sonuncu, 38-ci turunda səfərdə “Fulhem”lə qarşılaşacaqlar.
Yarış cədvəlindəki vəziyyəti “Mançester Siti”ni ancaq qələbəyə oynamağa təhrik edir – bu halda “şəhərlilər”in taleyi öz əllərində olacaq.
“Mançester Siti”nin baş məşqçisi, 54 yaşlı ispan mütəxəssis Xosep Qvardiola bu mənzərədə “Fulhem”lə oyundan gözləntisini açıqlayıb:
“Təəssüf ki, biz “Sauthempton”la oyunda (0:0) üç xal qazana bilmədik. Əgər o oyun belə başa çatmasaydı, Çempionlar Liqasına vəsiqə qazanmaq tapşırığımız yerinə yetirilmişdi. Bazar günü bizim heç də asan olmayan rəqiblə görüşümüz var. Biz Londona qələbə qazanmaq və növbəti mövsümün Çempionlar Liqasında yer əldə etmək məqsədilə yollanacağıq”, – “Sky Sports” dərgisi Qvardioladan sitat gətirir.
“Fulhem” – “Mançester Siti” oyunun mayın 25-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 19:00-da başladacaq.
37 turdan sonra İngiltərə Premyer Liqasında 5 komanda növbəti mövsümün Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə imkanını saxlayır. Yarış cədvəlinin ilk yeddiliyi isə belə sıralanıb: “Liverpul” (83 xal), “Arsenal” (71 xal), “Mançester Siti” (68 xal), “Nyukasl” (66 xal), “Çelsi” (66 xal), “Aston Villa” (66 xal), “Nottingem Forest” (65 xal).
Göründüyü kimi, ancaq çempion “Liverpul” və 2-ci pillədə qərarlaşmış “Arsenal” sonuncu turda özlərini rahat hiss edə bilərlər.
“Fulhem”ə gəlincə, “bağçılar” 54 xalla 10-cu pillədə qərarlaşıblar və yarış cədvəlində bir iddia sahibi olmasalar da, “Maneçster Siti”yə acı yaşatmaq əzmindədirlər.