“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola argentinalı hücumçu Xulian Alvaresin bu klubdakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Xəbər yoxdur. Sıfır xəbər. İndi o, komandaya istirahət etmiş surətdə qayıtmaq üçün özünə vaxt ayrılmasına layiqdir. Üç gündən bir 55 min tamaşaçı qarşısında oynamaq çox yorucudur”, deyə Qvardiola bildirib.
Xatırladaq ki, Alvares Parisdə keçirilən Olimpiya futbol yarışında Argentina yığmasının heyətində yer alıb, “albiseleste” yarışın ¼ final mərhələsində meydan sahibi Fransa yığmasına 0:1 hesabı ilə məğlub olaraq, mübarizəsini başa vurub.
Daha əvvəl argentinalı futbolçu daha çox oyun vaxtı almaq istədiyini açıqlamışdı. Hazırda Alvareslə Madrid “Atletiko”su və PSJ-nin maraqlandığı haqda məlumat var.
Xatırladaq ki, Xulian Alvares “Mançester Siti”yə 2022-ci ilin yanvarında Argentinanın “River Pleyt” klubundan 21,4 milyon avro qarşılığında gəlib. 24 yaşlı forvard Premyer Liqa nəhənginin heyətində indiyə qədər 103 oyuna çıxıb. O, bu oyunlarda 36 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.
Alvares daha öncə yalnız yetirməsi olduğu “River Pleyt”də oynayıb – 122 oyun, 54 qol və 31 assist.
Argentinalı hücumçu 2021-ci ilin iyun ayında debüt etdiyi ölkəsinin əsas millisində 36 oyuna çıxıb. Bu oyunlarda 9 qol və 1 assist müəllifi olmuş Alvares daha öncə Argentinanın U-20 və U-23 yığmalarında da forma geyinib.
“Transfermarkt” internet-portalı 24 yaşlı forvardın transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.