Rəcəbov Aronyana qalib gəlib çempion oldu

“Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirində qalib müəyyənləşib.

Arena.az xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.

Birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı qrossmeyster bu dəfə də ona şans verməyib.

İlk 2 partiyada heç-heçə edən Rəcəbov 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.

Rəcəbov Airthings Masters” turnirinin dörddəbir finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.