Rəhim Sadıxov “Zirə”dən getdi – Rəsmi

Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün gümüş mükafatçısı “Zirə” sol vingeri Rəhim Sadıxov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə paytaxt təmsilçisi arasında imzalanmış müqavilənin müddəti başa çatıb. “Zirə” yarımmüdafiəçiyə klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Rəhim Sadıxov 2022-ci ilin iyul ayından “Zirə”də oynayırdı. Yarımmüdafiəçi bu komandanın heyətində 81 oyuna çıxıb, 12 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Sadıxov daha öncə “Sumqayıt”, “Torpedo” (Moskva), “Solyaris” (Moskva) kimi klublarda da oynayıb.

Xatırladaq ki, “Zirə” daha öncə Vladislav Kulaç, İlkin Muradov, Dimitrios Çantakias və Sezar Meza Kolli ilə də yollarını ayırmışdı. Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”) və Elçin Əlicanovu (“Kəpəz”) heyətinə qatmış paytaxt klubu Qismət Alıyev və Anar Nəzirovla da yeni müqavilə imzalayıb.