Rəşad Əzizli yenidən “Sumqayıt”da – Rəsmi

Ötən mövsümü “Qəbələ”də keçirmiş 30 yaşlı qapıçı Rəşad Əzizli bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, qolkiperlə müqavilənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Əzizli köhnə-yeni komandasında 94 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, Rəşad daha öncə də “Sumqayıt”ın formasını geyinib. O, 2019-cu ilin yanvarından iyuluna qədər çıxış etdiyi bu komandada 7 oyuna çıxıb, 12 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.

Rəşad Əzizli karyerası ərzində “Keşlə”, “Qəbələ”, “Neftçi”, “Rəvan”, “Səbail”, “Zirə” və AZAL kimi klublarda da forma geyinib. O, Azərbaycanın U-17 və U-18 yığmalarında da çıxış edib.

“Sumqayıt” Əzizlidən öncə Rəhim Sadıxov (“Zirə”), Fernando Medeyros (“Eqnatiya”, Albaniya), Nikola Vuynoviç (“Qoritsa”, Xorvatiya), Sərtan Taşkın (“Manisa”, Türkiyə), Silvanus Nimeli (“Surxon Termez”, Özbəkistan), Alan Dias (“Lokomotiv”, Sofiya, Bolqarıstan), Miloş Miloviç (“Çindao Haynyu”, Çin), Georgi Xaraişvili (“Kocaelispor”, Türkiyə) ilə də müqavilə bağlamışdı. Bu yay Bosniya və Herseqovinanın “Sarayevo” klubundan alınmış Slavişa Radoviç isə qısa müddət sonra komandadan ayrılmışdı.

Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata, Kamran Əliyev v Kazimir Ninqa da komandanı tərk ediblər.