Rəşad Məmmədov: “Gümüş”ü qızıl medalla əvəzləmək üçün…”

Azərbaycan güləşçisi Rəşad Məmmədov Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa çempionatında qazandığı gümüş medaldan danışıb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə verdiyi açıqlamada bunları dilə gətirib:

“Bu, mənim ilk Avropa çempionatım idi. Hər yarışda olduğu kimi, burada da həyəcan var idi. Çox şükür, bunun öhdəsindən gələ bildik. Rumıniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksəldim. Finalda Moldova idmançısıyla qarşılaşdım. Hesabda 3:0 öndə idim. Bir az tələskənliyə yol verdim. Gələn dəfə bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, bu Avropa çempionatında debüt edən və 55 kq çəki dərəcəsində yarışan Rəşad Məmmədov 1/4 finalda rumıniyalı Denis Mihaydan güclü olub – 4:3. Qitə birinciliyinin debütantı yarımfinalda gürcüstanlı dünya çempionu və Avropa ikincisi Nuqzari Tsurtsumiya üzərində inamlı qələbə (5:1) qazanaraq finala yüksəlib. Məmmədov həlledici görüşdə moldovalı Artyum Deleanu ilə qarşılaşıb. Güləşçimiz hesabda öndə olarkən ani bir səhvin qurbanı olub. Rəqibinə “tuş”la məğlub olan Rəşad ilk dəfə qatıldığı qitə birinciliyində gümüş medal qazanıb.

Sonda onu da qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) Avropa çempionu olublar. Ülvü Qənizadə (72 kq) də Rəşad kimi ikinci olub. Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.