“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbiuat konfransında bunları söyləyib:
“Gərgin oyunun şahidi olduq. Oyuna yaxşı köklənmişdik. Meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşli havada oynamaq çətindir. Bunu oyunun gedişatında hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımız önündə qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi “Səbail”lə bundan da vacib oyun gözləyir”.
Rəşad Sadıqov əcnəbi VAR hakimkərinin Premyer Liqa oyunlarına təyinatına da münasibət bildirib:
“Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə, biz öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu təcrübəni Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz olsun. O zaman xaricilərə ehtiyac qalmayacaq”.
“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Hesaba baxmayaraq, bizi dəstəkləyirdilər. Futbolçularım sona qədər döyüşdülər.
Rəvan Həmzəzadə ən yaxşı hakimlərimizdəndir. Onun həmişə ən yüksəklərdə olmasını istəyirəm. Futbol oynamağa imkan verir. Bəzi hakimlər kimi hər epizodda fit çalmır. Narazı ola bilərəm. Bu da oyunun stressindən irəli gəlir”.