Rəşad Sadıqov: “Ən vacibi bu dəqiqə konsentrasiyanı qorumaqdır”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:1 hesablı qələbəyə sevindikləri ev oyunundan sonra keçirilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Futbolçularımı təbrik edirəm. İlk növbədə bu oyuna yaxşı hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidir. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik”.

Rəşad Sadıqov yenicə transfer etdikləri Georgi Papunaşvilinin keçidinin gec baş tutmasına da münasibət bildirib:

“Mövsümün əvvəlindən marağımız var idi. Sadəcə, klubla futbolçu arasında müəyyən detallarda razılıq yox idi. Bir həftə əvvəl razılıq əldə olundu. Məyus edən tərəf odur ki, ayyarım zədəsini müalicə edib, sonra isə fitnes məşqləri edib. Dörd aydır kollektivdən uzaqdır. Bəlkə də, formasını 2 aya bərpa edəcək”.

“Zirə”nin çalışdırıcısı Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacaqları Xorvatiyanın “Osiyek” komandası barədə də fikirlərini bölüşüb:

“Yaxşı komandadır. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı məşqçinin gəlişindən sonra həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdilər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq. Rafael Utsiq zədələnib. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardır. “Osiyek”ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək.

İlk matçda uğurlu çıxış etmək çox önəmlidir. Rəqib də doğma azarkeşləri önündə sərfəli nəticə istəyəcək. Çox ciddi dəyişiklik etməyəcəyik. Bu günə qədər də maksimum çalışırdıq. Ən vacibi bu dəqiqə konsentrasiyanı qorumaqdır”.

“Səbail” bu mövsüm Premyer Liqada qalmaq üçün oynamayacaq”

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə yeni mövsümün ilk oyunundakı məğlubiyyətə belə aydınlıq gətirib:

“Zirə”ni təbrik edirəm. Bu qələbə və avrokuboklarda mərhələ keçdiklərinə görə. Təəssüf ki, bizdə bu gün hər şey uğurlu alınmadı. Yeni komandayıq. Hesabın böyük olmasının səbəbini deyək. İlk dəfə idi ki, bu futbolçular eyni heyətdə oynayırdılar. Legionerlər bu çempionatın yükünü bilmirdi, asan olduğunu fikirləşirdilər. İlk yarıda istədiyimizi ala bilmədik. Səhvlərimizi bildik. Komanda dominant oynamağa çalışdı, alındı. Yarım qol vəziyyətlərindən qollar buraxırıq. Gənclərimiz var. Yaxşı komanda olacağıq. Nəticə nikbin baxmağı demir. Amma iddialı komandalardan biri olacağıq.

Daha bir oyun problemimiz ola bilər. Amma üçüncü oyunda stabil oynayacağıq. Şən futbol oynayırıq. Müdafiədə çox səhv buraxa bilərik. Mən də məsuliyyəti dərk edirəm. Bu məğlubiyyət mənimdir. Məni çox narahat edən standart vəziyyətdən buraxılan bəsit qollardır. Burada taktikadan söhbət gedə bilməz. Dördüncü qola baxın, niyə müdafiəçilər geri çəkildi, qarşılamadı? İssa Cibrilla 30 metr azad gəldi, heç kim onu qarşılamadı.

Konkret içimdən gələni deyim: “Səbail” bu mövsüm Premyer Liqada qalmaq üçün oynamayacaq”.