Rəşad Sadıqov: “Artıq avrokuboksuz qalacağımızı gözə almışıq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Qələbə qazanmaq istəyirdik, qələbəyə köklənmişdik. Amma alınmadı, istədiklərimizi həyata keçirə bilmədik. Planlaşdırmadığımız növbəti iki xal itirdik. Məyusuq.

Qələbə üçün hücumda dəqiqlik, müdafiədə diqqətli oynamaq tələb olunur. Bizdə də bunlar çatmadı. Dirəkdən dönən zərbələrimiz oldu. Əsas təhlil etdiyim məqam rəqibin standart vəziyyətlərdən sonra dönən topları qapıya göndərməsi idi. Bilirdim ki, rəqib bu məqamlarda təhlükəli olur. Təəssüf ki, futbolçular bu tapşırığımı diqqətə almadılar, belə boşluq buraxdılar.

Vladislav Kulaçın zədələnərək meydanı tərk etməsi komanda üçün böyük itkidir. Bizim üçün usta oyunçudur. Yenə də vacib məqamda zədələndi. Nədənsə “Kəpəz”lə oyunda uğursuzluqlar özünü göstərir. Buna baxmayaraq, qələbə qazanmalı idik.

Yəqin ki, Kulaç üçün mövsüm erkən bitdi. Qarşıda cəmi iki tur var. Onun bu oyunlara yetişməsi inandırıcı görünmür”.

Rəşad Sadıqov avrokuboklara vəsiqə qazanmaq şanslarının cüzi olduğunu etiraf edib: “Zirə” avrokuboklara vəsiqə qazanmaya bilər. Bunu gözə almışıq. Bəzi xal itkilərindən sonra durumumuz onsuz da çətin idi. Şansımızı sona qədər davam etdirməliydik. Rəqibi basqı altında saxlamaq olardı. Təqvimimiz də çətin idi. Bu gün olan xal itkisi vəziyyəti daha da çətinləşdirdi. Bütün bunlara baxmayaraq, oynayacağıq, sonadək mübarizəmizi aparacağıq”.