Rəşad Sadıqov: “Belə oyunla 1 xal da qənimətdir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqanın 25-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, 40 yaşlı mütəxəssis 2:2 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Növbəti maraqlı oyunlarımızdan biri keçdi. Azarkeşlər üçün də maraqlı oyun alındığını düşünürəm. Təbii ki, biz qələbə qazanmağa köklənmişdik. Oyunun ümumi mənzərəsi də bizim qələbə qazanmağa daha yaxın olduğumuzu göstərirdi. Amma təəssüf ki, rəqib zərbə vurmadan qapımızdan iki qol keçirdi. Mən rəqibin qapımıza hansısa zərbəsini xatırlamıram. Futbolçular heç nədən iki qol buraxdıqlarına görə sarsılsalar da, özlərində güc tapa, hesabı bərabərləşdirə bildilər. Yenə də çoxlu hücumlarımız oldu, qol epizodlarımız var idi, amma fərqlənə, önə keçə bilmədik. Rəqib zərbə vurmadan qapından iki qol keçirirsə, əslində, məğlub olmağa məhkumsan. Yenə də Allaha şükürlər olsun ki, məğlubiyyətdən xilas olmağı bacardıq. Futbolçularımıza sonadək mübarizə apardıqlarına görə təşəkkürümü bildirirəm”.

Baş məşqçi avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandasının autsayderlə oyunda xal itirməsinin səbəbini belə izah edib: “Çempionat artıq elə bir səviyyəyə gəlib çatıb ki, həqiqətən asan oyun yoxdur. Özünüz də buna şahid olursuz. Hər bir komanda istənilən rəqibindən həm evdə, həm də səfərdə xal da ala bilər, qalib də gələ bilər. Hazırda məhz turnir cədvəlinin alt pillələrində baş verənlər oyunların gərginliyini daha da artırır. Amma bütün bunlara baxmayaraq, bizim öz hədəfimiz var və öz işimizi görməliyik. Bu gün xal itirsək də, futbolçularımdan narazı ola bilmərəm. 90 dəqiqə üstünlük bizdə oldu, dominantlıq edirdik, hücumlar qururduq, qol epizodları yaradırdıq, iki qol vurduq. Sadəcə, buraxdığımız qollar qələbə qazanmağımıza mane oldu. Belə qollar buraxmağımızı anlamaqda bir az çətinlik çəkirəm. Penaltidən buraxılan qolun sarsıntısından ayılmamış səhv etdik, avtoqol oldu. Belə olan halda da qazandığımız 1 xalı özümüz üçün qənimət hesab edirəm”.

“Zirə”dən göndərilən Andelkoviç niyə geri qaytarılıb?

Rəşad Sadıqov yanvar ayında yollarını ayırdıqları Nemanya Andelkoviçi bir neçə gün öncə yenidən sıralarına qaytarmaqlarına da münasibət bildirib: “Mövsümün ilk yarısının sonunda oturduq, qarşılıqlı şəkildə söhbət etdik. Həmin söhbətdən sonra yollarımızı ayırmağa qərar verdik. İndi elə məqamlar var ki, onların hamısını açıqlaya bilmərəm. Mən vaxtilə futbolu sevə-sevə oynamışam. Bəzən bir qərar verirsən, sonra futbolçunun düşdüyü durumu görüb, qərarını dəyişməli olursan. Futbolçu ayrılmaq istəyir, amma özünə klub tapa bilmir. Andelkoviçlə də bağlı oxşar durum oldu. Anlayış göstərdim, onunla bağlı qərarımı dəyişdim. Mövsümün sonunadək bir yerdə olacağıq. Mövsümün sonunda isə vəziyyətə baxacağıq, mövcud duruma görə qərar qəbul edəcəyik”.