“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, gənc mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin müqavimət göstərəcəyini bilirdik. Oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sıx qrafikdə oynayırıq və itkilərimiz var. Oyunun çətin keçəcəyini bilirdik. İlk hissədə gərgin mübarizə oldu. İki qol vurub, fərqləndik. İkinci hissə daha rahat keçdi. Vacib qələbə qazandıq. Qarşıda 8 gün vaxtımız var. Vacib oyunlarımız olacaq. Yaxşı istirahət edib, hazırlaşmalıyıq.
“Sumqayıt”la oyunlarda qələbə qazansaq da, ciddi müqavimətlə üzləşmişik. Bəlkə də, son dönəmlərin ən stressli komandasına qarşı oynadıq. Yaxşı kollektivdir və heyətlərində yaxşı futbolçular var. Bilirdik ki, maksimal formamızdan bir az aşağı olsaq, çətin olacaq. Uşaqlar oyunun mahiyyətini başa düşürdülər”.
Rəşad Sadıqov Salifu Sumanın “elçiləri”nin gündən-günə artmasına da münasibət bildirib:
“Futboldur, situasiyanı düzgün dəyərləndirmək lazımdır. Başımızı aşağı salıb, işimizi görürük. Klub və futbolçu üçün xeyirlisi nədirsə, o olsun. Tək Suma yox, bir neçə futbolçumuz üçün təklif almışıq. Amma bu gün bunu yox, oyunları düşünmək lazımdır”.
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Rəşad Sadıqov iddialı kollektiv formalaşdırıb. İlk hissədə fərdi səhvlərdən sadə toplar buraxdıq. Oyunun taleyi də məhz o qollardan sonra həll olundu. Yolumuza davam edirik. Ümidvaram ki, bu uğursuzluğa gec-tez son verəcəyik”.