Rəşad Sadıqov: “Böyük baza inşa etmək istəyirik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis 1:1 hesabıyla yekunlaşmış matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Futbol oynamağa çalışırdılar. İkinci yeri təmin etsək də, oyuna tam gücümüzlə hazırlaşmışdıq. Bu gün nəticədən çox, oyun bizim üçün vacib idi. İkinci hissədə daha çox tələb etdiyim oyunu gördüm. Üstün tərəf biz idik. Faydalı, səmərəli 90 dəqiqə keçirdik. Oyunçularımdan razıyam”.

Rəşad Sadıqov yeni mövsüm üçün heyətlə bağlı planlarından da söhbət açıb:

“Bütün komandaların müqavilələri bitmiş oyunçularını nəzərdə saxlayırıq. Seleksiyamızda belə oyunçular var. Hansısa komandadan oyunçu götürmək hədəfimiz yoxdur. Bəyəndiyimiz futbolçunu götürmək istəyirik. Bəyəndiklərimiz çoxdur. Hansı mövqelərə ehtiyac varsa, müqaviləsinin müddəti bitmiş oyunçular varsa, onu götürmək istəyərik”.

Rəşad Sadıqov komandasının bu mövsüm 71 xal yığmasında “Qarabağ”ın rolunun böyük olduğunu etiraf edib:

“Təbii ki, “Qarabağ”a böyük təşəkkür edirik. Bakı komandaları hərə bir yolla problemi çözməyə çalışırdı. Bizim də qaldığımız otel Suraxanı meydançasına yaxındır. “Neftçi” rəhbərliyinə də təşəkkür edirəm. Bir neçə məşqi orada keçirmişik. Əminəm ki, əksinə olsaydı, eynisini biz də edərdik. Futbolçu yoxluğunu həll etmək olar, meydança yoxluğunu həll etmək mümkün deyil. Hər iki kluba təşəkkür edirəm. Ciddi problemdir. Ümidvaram ki, gələn mövsümdən problem aradan qalxacaq. Biz də istəyirik öz bazamız olsun. Çətindir. Böyük maddiyyat tələb edir. Bunu həll etməyə çalışacağıq. Yeri götürmüşük, alınıb. Orada böyük baza inşa etmək istəyirik. Bu və ya növbəti mövsüm həll etməyə çalışırıq”.

Rəşad Sadıqov kubokun finalında “Qarabağ”ın “Sabah”a qalib gəlməsini arzulayıb-arzulamayacaqlarına dair sualı isə belə cavablandırıb:

“Bizim yerimizdə kim olsa, Avropa Liqasına getmək istəyər. “Sabah”ın da, “Neftçi”nin də avrokuboklarda olmasını istəyərəm. “Turan Tovuz” və “Araz-Naxçıvan” da layiqdir. Bu mövsüm avrokuboklarda oynamağa layiq komandalar çoxdur. İlk növbədə gözəl futbola azarkeşlik edəcəyəm. Avropa Liqasına getmək istəyərik. Orada bir oyun uduzmaq imkanın var. Amma “Sabah”ın da avrokuboklarda olmasını istəyərdim.

“Kubokun finalına fokuslanmışıq” – Berezutski

“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə heç-heçəyə belə şərh verib:

“Yaxşı oynadıq, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq mümkün olmadı. Nəticədən razı deyiləm. Çempionatda bütün şanslarımızı itirmişik. Ölkə kubokunda finala çıxdıqdan sonra tam olaraq o oyuna fokuslanmışıq. Finala hazırlaşırıq. Çempionatı da oynayırıq, “Neftçi” ilə oyunumuz var. Bütün matçları udmaq istəyirik. Biz istənilən matçda qalib gəlmək istəyirik. Çünki oyundan qalib ayrılsaq, bizə daha çox əminlik verəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: