Rəşad Sadıqov: “Bu gün ondan çox narazı qaldım”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” əlinə düşən fürsətlərdən yaxşı istifadə edir. İlk hissədə qapıya iki top gəldi və qol oldu. Hücumda passiv idik. Oyun ərzində “Qarabağ”ın 100 faizlik epizodu olmayıb. Məyusuq, lakin önümüzə baxmalıyıq. Qarşıda “Qəbələ” ilə səfər oyunu var, yaxşı hazırlaşmalıyıq.

Top itkilərimiz oldu. Rəqibin etdiyi pressinqi də nəzərə almaq lazımdır. Bunu gözləyirdik. İkinci hissədə daha inamlı oynamağı planlaşdırırdıq. Düşünürdük ki, ilk hissə 0:0 hesabıyla bitsə, rəqib də tələsər. Amma belə olmadı. İki zərbə oldu, onlar da qolla nəticələndi. Rəqib inamlı şəkildə pressinq edirdi, bu üzdən top itkilərimiz olurdu. İkinci hissədə oyuna nəzarət etdik. Təəssüf ki, oyunu çevirmək mümkün olmadı, qol epizodu yarada bilmədik.

Son oyunlarda bir neçə futbolçumuz sıradan çıxıb. Amma onların aldığı zədələr fiziki hazırlıqla bağlı deyil. Biri yıxılır çiyni çıxır, bu gün Klesio qaçdığı yerdə ayaq biləyi burxuldu. Sıx qrafikdə oynamaq çətindir. Yanvar ayında bizim proqramımız dəyişdi. Gərək bu qrafik tərtib olunanda həm milli, həm də klublar nəzərə alınsın. Heyətimiz kasad olduğu üçün sıx qrafikdə oynamaq çətindir. Ağabala zədədən qayıtmışdı, onu qorxa-qorxa oynadıram. Şikayət etmirəm, ancaq çalışacağıq ki, bu vəziyyətdən çıxaq.

Sərtan Taşkının tez əvəzlənməsinə gəlincə, o, son oyunlarda yaxşı çıxış edirdi. Lakin bu gün ondan narazı qaldım. İlk 5 dəqiqədə onun cinahından təhlükəli hücumlar gəldi. Məhz buna görə narazı qaldım. İmkanım olsaydı, 20-25-ci dəqiqədə dəyişərdim. Lakin mən belə şeyləri sevmirəm. Özünə də demişəm, bu gün ondan çox narazı qaldım. Potensialı var, ancaq bu gün nəsə özünə bənzəmirdi”.