“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qış təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri yoxlama matçını şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Hər iki komanda üçün ilk oyun idi. Buna baxmayaraq, sürətli, keyfiyyətli oyunun şahidi olduq. Qarşılaşma onu göstərdi ki, irəlidə bizi maraqlı mübarizə gözləyir. Hər iki komandanın futbolçuları istəkli idi və qələbə qazanmaq üçün hər şeyi edirdilər. Sanki komandalar heç fasiləyə yollanmayıblar. Futbolçular böyük motivasiya ilə çıxış etdilər. Bu, həm sevindirir, həm də mövsümün qalan hissəsinin necə gərgin və maraqlı keçəcəyini göstərir”.
Rəşad Sadıqov komandanın əsas heyət oyunçularından olan Rəhim Sadıxovun “Zirə”dən ayrıla biləcəyi ilə bağlı yayılan iddiaları da şərh edib:
“Rəhimlə bağlı xəbərləri mən də oxudum. Təklif olsa, dəyərləndirə bilərik. Rəhim də daxil olmaqla bir neçə futbolçumuza ölkə xaricindən maraq göstərilib. Bəlkə də söhbətlər ordan yaranır. Lakin konkret heç nə yoxdur. Mən də istərəm “Araz-Naxçıvan”dan 3-4 futbolçunu komandamda görüm. Gənc məşqçilər arasında bu barədə müzakirələr gedir. Rəhimin də digər klubların maraq dairəsində olması normaldır. Yaxşı futbolçudur. Ciddi, konkret təklif olsa, düşünüb qərar verəcəyik”.
Xatırladaq ki, “Araz-Naxçıvan”ın Rəhim Sadıxovla maraqlandığı barədə xəbərlər yayılıb.