Rəşad Sadıqov: “Bu nəticələri sabitləşdirmək lazımdır”

“Zirə”nin baş məqşçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının pley-offunda “Omoniya”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Kipr təmsilçiləri arasında Nikosiyada baş tutan ilk oyunda 0:6 hesabıyla uduzmuş “Zirə”, bu gün doğma meydanda 1:0 hesablı qələbə qazansa da, avrokuboklarla vidalaşıb.

Sadıqov matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu matça hazırlaşmaq çətin idi. Birinci oyunda 0:6 uduzmuşduq. Amma maksimum köklənmişdik. Sona qədər mübarizə aparmaq istəyirdik. İlk 15-20 dəqiqədə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar ümid yaradar. Təbii ki, 6:0-dan dönüş görməmişəm. Amma çalışırdıq. Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off mərhələsində qələbə qazanmaq başqadır. Futbolçular çox yüklənmişdilər. “Omoniya” çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Builki avrokubok mübarizəmizdən çox razı qaldım. Futbolçularımı ürəkdən təbrik edirəm. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik.

Təəssüfl ki, bu mərhələyə gəlib çıxana qədər ciddi itkilərimiz oldu. Sol cinahda ötən mövsüm Məqsəd İsayev oynayırdı. Bu gün onu alışdığımız Məqsəd kimi gördük. O da formasını bərpa edib. Səfərdəki oyunda Hacıağa Hacılı isinmədə zədələndi. Özü ilə danışdıq ki, dözə bilərsən? İynə ilə oynadı. Zədə performansına təsir edirdi. Heyətimizdə itkilər çoxdur, rotasiya üçün imkanımız azdır. İstədiyimiz nəticəni almağa çalışacağıq. “Qarabağ”, “Sabah” və “Neftçi” çempionatın favoritləridir. Belə məqamlarda dözməli, xarakter göstərməliyik”.

Rəşad Sadıqov məşqçi kimi bundan sonrakı hədəfləri barədə də söz açıb:

“İlk növbədə bu nəticələri stabilləşdirmək lazımdır. Dünya çempionu olsan belə, bunu ikinci dəfə etmək çətin olur. Hədəfim bu nəticələri stabil etmək, avrokuboklarda hər il çıxış edib, xallar toplamaqdır”.

Dambrauskas: “Bizim üçün yaxşı nəticə olmadı”

“Omoniya”nın baş məşqçisi Valdas Dambrauskas isə Bakıdakı məğlubiyyətə belə şərh verib:

“Öncə “Zirə”ni qələbə münasibətilə təbrik edirəm. Bizim üçün yaxşı nəticə olmadı. Amma Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacağıq. Buna görə azarkeşləri, klubu təbrik edirəm. Qarşımıza qoyulan əsas məqsədə çatdıq, qrupa düşdük. Bunun öhdəsindən ilk oyundakı qələbə sayəsində gəldik. İlk yarıda rəqiblər bir-birinə oynamağa imkan vermədilər. Meydançanın vəziyyəti də təsir etdi. Sönük oyun oldu. Bir həftədə üç oyun oynadıq. Rotasiyalar haqda düşünməlisən. Çox fikirləşdik, bu da məğlubiyyətə səbəb oldu. Təsnifat mərhələlərində 5 qələbə qazandıq. Əvvəl desəydilər ki, 5 qələbə ilə qrupa düşəcəyik, inanmazdım. “Zirə” ilə oyunu unudub, növbəti matçı düşünməliyik”.