Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 36-cı turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri və gümüş medalları təmin etdikləri mövsümün son matçından sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:

“Çox emosional oyun idi. Futbolçularım son saniyələrə qədər soyuqqanlı şəkildə, ürəkdən mübarizə apardılar. Təslim olmayan, amansız mücadilə verən rəqib var idi. Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qala bilərdik. İkinci qolu vurub daha rahat qələbə qazanmaq istəyirdik. Futbolçularda stress var idi, buna görə də son zərbələr uğurlu alınmırdı. Şükürlər olsun ki, axırda istədiyimiz nəticəni əldə edə bildik. Hər kəsi ürəkdən təbrik edirəm. Bu yolu birlikdə keçmişik.

Son illərdə belə gərgin keçən yarış xatırlamıram. Bir dəfə son turda “Bakı” səfərdə “Xəzər Lənkəran” üzərində qələbə qazandı, “Qarabağ” “Neftçi” ilə heç-heçə etdi, digər tərəfdə “İnter” qələbə qazanıb çempion oldu. Bu il isə avrokuboklar uğrunda belə gərgin mübarizə getdi. Bu, hər komanda üçün inkişaf yolunda böyük təkan olacaq”.

Rəşad Sadıqov gələcək planlarından və Avropa Liqasına hazırlıqdan da söz açıb:

“Gələcəyimi “Zirə”də görürəm. Rəhbərlik gələn il də davam etmək istəyirdi. Amma mən özüm bildirmişdim ki, mövsümün sonunu gözləyək. Ötən il avrokuboklara düşə bilməmişdik. Bu il də kənarda qalsaydıq, ayrılmağı düşünəcəkdim. Avropa Liqasına vəsiqə qazandıq. Bu üzdən də mənim gələcək planlarım “Zirə” ilə bağlıdır. Bu komanda ilə avrokuboklarda uğurlu çıxış etmək istəyirəm. Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq. Qarşıda kubokun final oyunu var. İstirahət edib, bu oyuna hazırlaşacağıq. “Qarabağ”ın finala hazırlaşmağa daha çox vaxtı olub. Bizim üçün sevindirici haldır ki, həm çempionatda, həm də kubokda önümüzdə olan komanda “Qarabağ”dır. Mövsümü titulla başa vurmaq istəyirik. Amma çempionatda ikincilik də mənim üçün titul qədər önəmli idi”.

“Balalarımın canına and olsun ki, belə bir şey yoxdur”

“Səbail”in baş baş məşqçisi Şahin Diniyev isə komandasının son turdakı məğlubiyyətinə belə aydınlıq gətirib:

“Gərgin oyun oldu. Komandam məğlub olmaq istəmirdi. Pedro Nunonun olmaması bizə hücumda problem yaratdı. 10 nəfərlə xarakter göstərdik. 9-cu dəqiqədə 2 sarı vərəqəmiz var idi. Hər şey aydındır. Həkimlərə təşəkkür edirəm. Deməzdim ki, komandamda intizamsızlıq var. Avropada ilk epizodda heç vaxt sarı vərəqə vermirlər. Belə olanda futbolçu mübarizədən çəkinir. Bərabərlik qolunu vurmağa çalışsaq da, alınmadı. “Zirə”ni təbrik edirəm”.

Diniyev bu oyunda qələbə qazanmaq üçün onlara pul təklif olunduğu barədə xəbərlərə də reaksiya verib: “Hər şeyi məndən öyrənin, “sarı mətbuat”dan yox. İllərdir futbolun içindəyəm, hamını tanıyıram. Elə şey olmayıb. Balalarımın canına and olsun ki, belə bir şey yoxdur. Biz olan yerdə ola da bilməz”.

“Səbail”in baş məşqçisi klubdakı gələcəyindən də söz açıb: “Bu komanda ötən mövsüm 9-cu yeri tutmuşdu. Bu il 10-cu olsaydıq, mən uğursuz idim. Belə olsaydı, özüm qalmazdım. Hardan getmişəmsə, özüm getmişəm. Məni heç vaxt istefaya göndərməyiblər. Futbolda üç il vaxt lazımdır. Qərar rəhbərliyindir. İşimi vicdanla görmüşəm. Həftənin ikinci günü klubun İdarə Heyətinin iclası olacaq. Nə qərar versələr, hörmətlə yanaşacağam”.