“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-offunda “Omoniya”ya qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Kipr təmsilçiləri arasındakı ilk oyun sabah rəqib meydanında keçiriləcək.
Rəşad Sadıqov səfər oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında oyunun əhəmiyyətini vurğulayıb:
“Sabah bizi vacib və maraqlı oyun gözləyir. Artıq iki aydır ki, avrokuboklarda iştirak edirik. Sabah pley-offun ilk oyununu keçirəcəyik. Rəqibimiz təcrübəli və keyfiyyətli komandadır. “Omoniya” Azərbaycan futboluna yaxşı tanışdır. Bu komandanı istər “Qarabağ”, istərsə də “Qəbələ” ilə oyunlardan xatırlayırıq. Son zamanlarda baş məşqçi dəyişikliyi baş verib. Yeni futbolçular transfer olunub və bu komandanın oyununda özünü göstərir”.
Baş məşqçi səfər matçında uğurlu nəticə qazanıb, Bakıda mərhələ adlamaq arzusunda olduqlarını deyib: “Təbii, futbolçularla danışıqlar aparılır. Sabah bizi nə qədər vacib oyun gözlədiyini bilirik. Pley-offa əvvəlki mərhələlər və yaxud tarixi oyun kimi deyil, fərqli hazırlaşırıq. Hazırda bizə sabahkı 90 dəqiqə maraqlıdır. Bu rəqibə qarşı səfərdə uğurlu çıxış etmək istəyirik. Şanslarımızı Bakıdakı matça saxlamağa çalışacağıq. Doğma azarkeşlər qarşısında mərhələ keçən tərəf olmaq istəyirik. Bu istiqamətdə iş gedir. İnşallah, nəticəsini sabah və cavab oyununda görərik”.
“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyev də mətbuat konfransına qatılıb və matçdan öncə düşüncələrini dilə gətirib:
“Həftə boyunca “Omoniya”nın oyunlarını təhlil etmişik. Rəqibimiz güclü komandadır. Həftə boyunca rəqibin oyunlarını təhlil etmişik. İnşallah, sabah hər şey meydanda istədiyimiz kimi gedəcək. Ən yaxşı nəticə ilə vətənə qayıdacağımıza inanıram. Ümumilikdə isə cütün taleyi Bakıda həll olunacaq”.
“Zirə” çoxlarının düşündüyü kimi müdafiə komandası deyil”
“Omoniya”nın baş məşqçisi Valdas Dambrauskas da bu gün fikirlərini paylaşıb. Litvalı mütəxəssis ilk oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Zirə” çox yaxşı komandadır. Nəticələri təhlil etdikdə də bunu görmək mümkündür. İlk mərhələdə “Şerif”lə oyunda penalti seriyasında uduzması onların gücündən xəbər verir. Komanda növbəti mərhələdə Slovakiya təmsilçisi ilə görüşdə çox uğurlu çıxış etdi. “Zirə” “Osiyek”lə Bakıda keçirilən cavab matçında yaxşı oynadı. Rəqib haqqında kifayət qədər məlumat toplamışıq. Komanda müdafiə xəttində çox təşkilatlanmış təsir bağışlayır. Onların ötən mövsümdə Azərbaycan çempionatındakı oyunlarından da xəbərimiz var. Rəqibimizə qol vurmaq çox çətindir. “Zirə” çoxlarının düşündüyü kimi müdafiə komandası deyil. Futbolçular birəbir mübarizədə çox yaxşı təsir bağışlayırlar”.
Dambrauskas sabah onları çətin oyun gözlədiyini deyib: “Hər iki komandanın öz planı olacaq. İlk dəqiqələrdən sonra hər hansı dəyişikliklər qaçılmazdır. Oyuna tam hazırıq. Hər iki tərəfin müsbət və mənfi tərəfləri var. İlk görüşdə uğurlu nəticə qazanmaq arzusundayıq”.
“Omoniya” – “Zirə” matçına sabah saat 21:00-da start veriləcək. Cavab matçı həftə sonra Bakıda olacaq.



