Rəşad Sadıqov: “Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci raundununun “Dunayska Streda” ilə cavab oyunu öncəsi fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi sabah səfərdə Slovakiyanın “Dunayska Streda” komandası ilə qarşılaşacaq.

Bu komandaların Bakıda keçirilmiş ilk oyununda “Zirə” 4:0 hesabıyla qaib gəlib. “Zirə”nin baş məşqçisi sabahkı cavab matçından öncə bu gün jurnalistlərlə görüşüb. Sadıqov komandasının cavab görüşündəki şansları barədə bunları dilə gətirib:

“Sabah bizi olduqca vacib oyun gözləyir. Bilirik ki, rəqibimiz evdə böyük istək və motivasiya ilə oynayır. İlk matçda qələbə qazanmışıq, müəyyən üstünlüyümüz var. Rəqib ilk dəqiqələrdən bu üstünlüyü aradan qaldırmağa çalışacaq. Biz də mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyimizə ümid edirəm.

Bu oyuna ciddi rejimdə hazırlaşmışıq. Mental hazırlığa daha çox yer ayırmışıq. Çünki ilk oyunda qələbə qazananda cavab görüşündə psixoloji hazırlıq önəmli olur. Amma taktiki cəhətdən də çox işləmişik. Rəqibin savadlı məşqçisi var. Biz onu ilk oyunun ikinci hissədəsinki həmlələri ilə gördük. Sabah bizi necə oyun gözlədiyini başa düşürük.

Hər futbolçunun təhlilini aparmışıq. Düşünürəm ki, son oyundakı rotasiya futbolçuların fiziki durumuna görədir. Çünki səfərdən dönmüşdülər. Baş məşqçinin ölkə çempionatında etdiyi rotasiyalar onu göstərir ki, rəqib matça çox ciddi hazırlaşıb. Rəqibdən sabah da yeniliklər gözləyirik”.

Rəşad Sadıqov qırmızı vərəqə almamaq üçün futbolçulara xəbərdarlıq edib-etməməsi barədə suala da cavab verib:

“Qırmızı vərəqə bu tip oyunlarda çox böyük rol oynayır. Futbolçularım “Şerif”lə matçdan sonra bunu bir daha dərk etdilər. Sabah oyunu 11 nəfərlə başa vurmaq çox vacibdir”.

“Zirə”nin futbolçusu İsmayıl İbrahimli də matçda öncə keçirilən mətbuat konfransında iştirak edib və düşüncələrini dilə gətirib:

“Oyuna yaxşı hazırlaşmışıq. Rəqibin güclü və zəif tərəflərini bilirik. Onlar evdə yaxşı çıxış edirlər. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində yaxşı oyunçular var. İlk matçda qələbə üçün çox əziyyət çəkdik. Sabah da çox əziyyət çəkməli olacağıq”.