Rəşad Sadıqov: “Matçın sonunda baş verənlər məni narahat edirdi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci raundunda “Dunayska Streda”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Slovakiya klubu ilə doğma meydanda qarşılaşan Azərbaycan təmsilçisi bu oyunda 4:0 hesablı möhtəşəm qələbəyə sevinib.

“Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışına belə qiymət verib:

“İlk oyundan sonra danışmaq həmişə çətindir. Xüsusilə də, belə oyundan sonra. Qarşıda bizi çox vacib səfər matçı gözləyir. Mərhələni keçmək istəyiriksə, bu gündən həmin oyuna hazırlaşmalıyıq. Birinci hissə bitdi. Bir həftəlik fasilə olacaq. İkinci hissəyə çox yaxşı hazırlaşmalıyıq. Qarşıda bizi daim komandasını yaxşı dəstəkləyən azarkeş toplumuna qarşı səfər oyunu gözləyir. Rəqib sona qədər amansız mübarizə aparacaq. Belə rəqiblər həmişə təhlükəlidir. Hesab 4:0 olsa da, təslim olmurlar. Mərhələni keçmək istəyiriksə, futbol camiəsi, komanda olaraq oyuna hazırlaşmalıyıq.

Cütün taleyi səfərdə həll olunacaq. Müasir futbolda nəticə üstünlük verir sənə, amma rahatlıq verə bilməz. 60-cı dəqiqədən sonra rəqibin göstərdiyi amansız mübarizə və çətin anlar onu göstərdi ki, bizi cavab matçında nələr gözləyir. 4:0-dan sonra rəqibin dayanacağını, oyun intizamının pozulacağını gözləyirdim. Amma 60-cı dəqiədən sonra meydanda baş verənlər məni çox narahat edirdi”.

“Dunayska Streda”nın baş məşqçisi üzr istədi

“Dunayska Streda”nın baş məşqçisi Xisko Munyos isə matçdan sonra keçirilən mətbuat konfransında ağır məğlubiyyətə belə şərh verib:

“Oyunun nəticəsi birbaşa mənim səhvimdir. Futbolçularıma nəyin önəmli olduğunu istədiyim qədər çatdıra bilməmişəm. Azarkeşlərimizdən, xalqımızdan üzr istəyirəm. Geridönüş çətin olacaq. Bu gün kifayət qədər şansımız var idi. Amma rəqib daha istəkli, daha sürətli idi. Bu səhvlərdən nəticə çıxarıb, daha yaxşı oynamalıyıq. Komandama inanıram. Oyunçularımın bacarığına bələdəm. Bir oyunla kifayətlənmirik. Hansı nöqtədə olduğumuzu bilirik. Növbəti oyun üçün birlik olmalıyıq. Çətin oyun olacaq. Necə olacağını görəcəyik. Mümkünsüz deyil, ümid var”.