Rəşad Sadıqov: “Onlarla fəxr edirəm”

Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinalında “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, o, əsas və əlavə vaxtı qolsuz bitən, penalti seriyasında uduzduqları (2:4) matçdan sonra bunları söyləyib:

“İlk dəfə finalda çıxış edəcəyik. Futbolçularımı və azarkeşləri təbrik edirəm. Gərgin və maraqlı oyuna şahidlik etdik. Çox emosional oyun oldu. Daha ətraflı fikir bildirmək çətindir. Biirdik ki, ilk matçdakı ssenari davam edəcək. Buna uyğun hazırlaşmışdıq. Oyun meydanın mərkəzində getdi. İkinci hissədə üstünlük rəqibə keçdik. Sistemi dəyişdikdən sonra komanda sanki nəfəs aldı. Futbolçularımla fəxr edirəm ki, ilk hissədə və əlavə vaxtda daim hücumda oynadıq. Əsl kubok ab-havası var idi. Hər iki komanda qalib gələ bilərdi. Futbolçuları təbrik edirəm. Əzmkarlıq nümayiş etdirdilər”.

Rəşad Sadıqov məşqlərdə penaltilər üzərində işləmədiklərini də vurğulayıb: “Heç bir hazırlıq görməmişdim. Dünən məşqdə penaltilər seriyasının üzərində işələmək istədik. Amma sonra fikrimdən daşındım. Penaltini dünya ulduzları da qaçırır”.

Baş məşqçi mayın 27-də “Qarabağ”a qarşı keçirəcəkləri final oyunu barədə düşünmədiklərini də əlavə edib: “Son həftəyədək final barədə heç nə fikirləşməyəcəyik. Finala vəsiqə bizə heç nə vermir. Hazırda ən vacib məsələ çempionat oyunlarına köklənməkdir”.

Samir Abasov: “Hamının patriotluğunu gördüm”

Neftçi”nin baş məşqçisi Samir Abasov isə məğlubiyyəti belə şərh edib:

“Alınmadı, nə edə bilərik? “Zirə”ni finala yüksəlməsi münasibətilə təbrik edirəm. İlk oyunla müqayisədə daha fəal və istəkli tərəf idik. İkinci hissəni və əlavə vaxtı meydanın rəqibə aid hissəsində keçirdik. Lakin “Zirə” yaxşı qapanmışdı. Çoxlu qol imkanımız olmasa da, təzyiqimizi qola çevirə bilməməyimizə üzülürəm. Özümüz üçün nə qədər üzücü olsa da, futbolçuları qınamalı bir məqam yoxdur. Futbolçularımdan həddindən artıq razıyam. Komandam ən yaxşı oyunlarından birini keçirdi. Ən yaxşı penalti vuranımız belə, hədəfdən yayına bilərdi. Bu, üzərində durulası məqam deyil. Komandamı təbrik etdim. Həddindən artıq istəkli idilər. Gələcəyə baxırıq. Daha da yaxşı olacağıq. Çox maraqlı bir şey var: pis oynadığımız görüşlərdə qalib gəlmişik. Burada isə yaxşı oynayıb uduzduq. Tyaqo Bezerra əlinə düşən qol imkanlarını dəyərləndirsəydi, bəlkə də sevinən tərəf biz olacaqdıq”.

Abasov “Neftçi”nin 85 illik yubileyində titulsuz qalmasına da toxunub: “Bunu istəməzdik. Həyat davam edir. Futbolda belə hallar da olur”.

“Neftçi”nin baş məşqçisi AFFA İcraiyyə Komitəsinin bu gün qəbul etdiyi qərarlara da münasibə bildirib. O, hər zaman limitə qarşı olduğunu söyləyib: “Qərarlarla tam tanış deyiləm. O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin ərəfədə 2-3 jurnalisti çıxmaq şərti ilə, heç kim mənim fikrimlə razılaşmadı. Əməlli-başlı təzyiq oldu. İndi isə “Niyə limit ləğv olunmur” sualı verilir. Bu suallardan, qərarlardan danışası deyiləm. Bir dəfə fikir bildirdim, hamının patriotluğunu gördüm”.