Rəşad Sadıqov: “Osiyek”lə ikinci matç həlledici olacaq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Osiyek”lə ilk oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya təmsilçiləri sabah ilk oyunda üz-üzə gələcəklər.

Sadıqov səfərdə baş tutacaq bu oyundan öncə bu gün jurnalistlər önünə çıxıb. “Qartallar”ın çalışdırıcısı bunları söyləyib:

“Sabah bizi vacib oyun gözləyir. Rəqib doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Biz də oyuna eyni istəklə çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. “Osiyek” maraqlı, baxımlı futbol oynayan komandadır. Rəqibin böyük azarkeş dəstəyi var. Düşündüklərimizin alınması üçün əlimizdən gələni edəcəyik.

Maraqlı bir təsadüf var. Bundan əvvəlki rəqibimizi təhlil edərkən onların “Osiyek”lə yoxlama matçını izləmişdik. Artıq ona görə rəqibi yaxşı tanıyırdıq, müəyyən məlumatımız var idi. Amma təbii ki, püşkdən sonra onları daha dərindən təhlil etməyə çalışdıq. Bu səviyyədə rəqiblərdən meydanda hər an manevr gözləyirsən. Bizim verdiyimiz reaksiyalar çox önəmli olacaq. Cavab oyununda hər iki komanda bir-birinə daha yaxşı bələd olacaq. İkinci matç həlledici olacaq. Hər ikimizi çempionatda derbi oyunu gözləyir. Biz “Sabah”a, “Osiyek” isə Zaqreb “Dinamo”suna qarşı oynayacaq. Amma artıq pley-offun bir addımlığındayıq. Hər iki komanda üçün prioritet avrokubok matçı olacaq”.

Rəşad Sadıqov rəqibin ölkə çempionatında keçirdiyi son oyunda məğlub olmasına da münasibət bidlrib:

“Oyun çox maraqlı məcrada keçdi. Rəqib “Şibenik” meydanda əzmkar mübarizə apardı. Buna baxmayaraq, “Osiyek” də üstünlüyə yiyələnirdi, dominantlıq edirdi. Sabah meydanda ən güclü “Osiyek”i gözləyirik”.

“Zirə” “Levadiya”dan 2 qat daha güclüdür”

“Osiyek”in baş məşqçisi Federiko Koppitelli də bu gün mətbuat konfransı keçirib və matçdan öncə düşüncələrini dilə gətirib:

“Bu həftə bizi 2 keyfiyyətli rəqibə – biri Xorvatiya çempionatında “Dinamo”, digəri isə Konfrans Liqasında “Zirə”yə qarşı mübarizə gözləyir. “Zirə” “Şerif”i səfərdə məğlub etdi. Evdə isə qırmızı vərəqə aldıqdan sonra penaltilər seriyasında uduzdular. Bu bizi çətin tapşırığın gözlədiyindən xəbər verir. Onlar öz çempionatlarında titul üçün yarışırlar. “Qarabağ”ın Avropadakı nəticələrinə nəzər salsaq, Azərbaycan çempionatının hansı səviyyədə olduğu qənaətinə gəlmək olar. Növbəti mərhələyə keçmək istəyiriksə, yaxşı futbol oynamalıyıq. “Zirə” bundan əvvəlki rəqibimiz olan “Levadiya”dan 2 qat daha güclüdür. Onlar texnikalı, keyfiyyətli və təcrübəli komandadırlar”.

“Mərhələ adlamaq şansımız var”

“Osiyek”in müdafiəçisi Luka Yeleniç də mətbuat konfransında iştirak edib və bunları dilə gətirib:

“Zirə” ilə oyuna tam hazırıq və nəyə qadir olduğumuzu göstərəcəyik. Rəqibimiz çox keyfiyyətli komandadır. Onlar haqqında kifayət qədər məlumatlı deyiləm. Əlbəttə bu mərhələdə asan rəqib yoxdur. Real yanaşsaq, mərhələ adlamaq şansımız var. Ümid edirəm, güclü rəqiblə oyunda müdafiədə işimizin öhdəsindən gələcəyik”.

Sabah Opus Arena”da keçiriləcək “Osiyek” – “Zirə” matçına saat 22:00-da start veriləcək.