Rəşad Sadıqov: “Planlarımı mətbuat konfransında açıqlaya bilmirəm”

Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan “Sumqayıt”la oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Gərgin oyun oldu. Vacib qələbə qazandıq. Bu dəqiqə hər bir xal vacibdir. İlk 15-20 dəqiqədə külək bizə qarşı idi. Topla oynamaq və hücum etmək çətin idi. Buna görə tələsmədən, səbirli oynayırdıq. İkinci hissəyə isə daha yaxşı başladıq. Fasilədən sonra daha böyük qüvvə ilə hücum etdik. Qol da vurduq, yenə şanslarımız oldu. Amma 2-ci qolu vura bilmədik və son dəqiqələr bizim üçün çətin oldu. Hər iki komandanın qol fürsətləri oldu. Rəqibin də şansları var idi. Sevindirici haldır ki, yekunda qalib gəldik. Vacib 3 xal qazandığımıza görə xoşbəxtik. Növbəti oyunlara hazırlaşmalıyıq.

Son iki turda rəqiblər bizə qarşı daha aqressivdir. Əvvəllər digər komandalar bizə qarşı bu qədər hazırlaşmırdı. Amma uşaqlara demişdim ki, hər şeyə hazır olun. Ağıllı oynayıb qələbə qazandıq. Hər oyuna maksimum dərəcədə hazırlaşırıq. Hər şeyi düzgün etmək istəyirik ki, nəticə yaxşı olsun”.

Rəşad Sadıqov “Sumqayıt”la oyunda heyətlə bağlı dəyişikliklərinə də münasibət bildirib:

“Mövsümün ortasını keçmişik. Hər bir oyun əvvəlkindən daha önəmli olur. Futbolçulara bildirmişdik ki, bizə qarşı tam fərqli “Sumqayıt” olacaq. Bunu ilk dəqiqələrdən gördük. Heyətlə bağlı dəyişiklərə gəlincə, beynimdəki bütün planları mətbuat konfransında açıqlaya bilmirəm. Bu gün belə “11-liy”i görürdüm. Keyta bu gün yaxşı oynadı. Qolda da xidməti var idi, özü də fərqlənə bilərdi. Hər şeyi danışa bilmirəm. Belə gördüm, qərar verdim”.

“Kimsə mövsümü yola verməyi düşünürsə, o, bizimlə olmayacaq”

Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə məğlub olduqları oyunu belə şərh edib:

“Emosional oyun idi. Hər iki tərəfin qol şansları var idi. Yuxarı pillədə qərarlaşan komanda ilə matçda kifayət qədər qol epizodları yaratdıq. Amma şanslardan istifadə ilə bağlı problemlərimiz davam edir. Yenə qol xanamızda 0 rəqəmi oldu. Ad çəkməyək. Komanda məğlub olursa, bütünlüklə yenilmiş oluruq. Sistemi dəyişmək mümkündür. Lap 1 müdafiəçi ilə də oynamaq olar. Bununla heç nə dəyişmir. Məğlubiyyət zəncirvari amillərdən yaranır. Dayaq yarımmüdafiəçilərinin, hücumçuların da bunda günahı var. Sistemi dəyişməklə heç nə dəyişməyəcək. Bu, çıxış yolu deyil.

Transfer pəncərəsi bağlanıb. Bu üzdən əlimizdə olan futbolçulardan nəsə etməyə çalışacağıq. Onlarla işləmək lazımdır. Mövsümün sonunda nə edəcəyimizə baxacağıq. Biz növbəti mövsümü yox, bu mövsümü düşünürük. Paltardəyişmə otağında da dedim ki, kimsə bu mövsümü yola verməyi düşünürsə, onlar bizimlə olmayacaq. Futboldur, 3 oyun qalib gələndən sonra səni əllərdə gəzdirirlər, az qala Klopp səviyyəsinə qaldırırlar. Məğlub olanda isə tənqid olunursan. Bunu normal qarşılayıram”.