“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyunun şahidi olduq. Çempionatımızda belə matçların sayı nə qədər çox olsa, futbolumuz, futbolçularımız bir o qədər inkişaf edər. Dinamik, sürətli mübarizə izlədik. Üstünlük daim bir tərəfdən o biri tərəfə dəyişirdi.
Matça üstün başladıq, qoldan başqa imkanlarımız da oldu, yararlana bilmədik. Daha sonra “Qəbələ” oyunun gedişatını nəzarətə götürdü. İkinci hissəyə də fəal başladıq. Bu qaydada ərazi üstünlüyü tez-tez dəyişirdi.
“Qəbələ” çempionatın ən yaxşı formada olan 2-3 komandasından biridir, stabildirlər. Onlardan Qəbələdə 1 xal almaq yaxşı nəticədir. Qalib gələ də bilərdik. Ancaq qələbə qazanmaq üçün ikinci topu vurmalı idik. Əlimizə düşən üstünlüyü inkişaf etdirmək lazım idi. Bu, bizdə alınmadı. Əksinə, rəqib səhvimizdən istifadə edərək hesabı bərabərləşdirdi. Matçda axırıncı 6-7 dəqiqədə yenə üstünlük bizim tərəfdə oldu. Ümumilikdə çox yaxşı və keyfiyyətli mübarizə alındı.
Geridə qalan birinci dövrəni komandam üçün uğurlu hesab edirəm. Nəzərə alaq ki, ilk milli fasiləyə qədər 2 oyun keçirdik və cəmi 1 xal qazandıq. Ondan sonrakı 5 matçda 11 xal toplamağımız bizim üçün yaxşı göstəricidir. Oyundan-oyuna da inkişafdayıq.
“Onu 2-3 il sonra millinin aparıcı oyunçularından biri kimi görürəm”
Bəzi itkilərimiz var. Georgi Stoilov, Filipe Paxtman sıradan çıxdı. Məsələn, bu gün sona yaxın hücumu gücləndirmək istədim, ancaq ehtiyatda belə futbolçu yox idi. Məcburiyyətdən meydana müdafiəçi buraxdıq ki, Qismət Alıyevlə Coşqun Diniyevi irəli çıxaraq. Bu baxımdan çətinliklərimiz var. Qış fasiləsinə qədər zədəliləri sığortalamağa çalışacağıq. Qismət özü də “Sumqayıt”la oyunda zədələnmişdi, 10 günə yaxın idi bizimlə birlikdə deyildi. Son 25-30 dəqiqə iştirak edə bildi. Ümumilikdə çıxışımız müsbətdir, futbolçular tapşırıqları yerinə yetirməyə çalışırlar. İstəkli, həvəsli və nizam-intizamlıdırlar.
Hər bir komanda heyətini daha da genişləndirmək, gücləndirmək istəyər. Əslində mövsümün əvvəlində daha geniş heyət planlaşdırırdım. Amma transfer siyasəti həm maddi durumdan, həm də sənə təklif olunan futbolçulardan asılıdır. Alınsa, rəhbərlik də icazə versə, bəlkə qışda heyəti bir az genişləndirdik”.
Rəşad Sadıqov 18 yaşlı müdafiəçi Cəlal Hüseynova kapitanlıq sarğısını həvalə etməsinə də aydınlıq gətirib: “Heyətdə başqa təcrübəli futbolçular var idi. Cəlalı 2-3 il sonra millinin aparıcı oyunçularından biri kimi görürəm. Həm futbol bacarığı, həm xarakteri, həm də soyuqqanlılığı ilə göstərdi ki, seçimimizdə yanılmamışıq. Əslində bizim kapitanımız Ağabala Ramazanov, vitse-kapitan Qismət Alıyevdir. Beynimdə üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verdikcə “bərkiməsini”, məsuliyyətinin artmasını istəyirəm. O, bu gün yükün altından layiqincə çıxdı”.