“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, “qartallar”ın çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Hazırda oyunla bağlı fikir bildirmək çox çətindir. Gərgin bir matç oldu. Futbolçularımı təbrik edirəm, bağrıma basıram. Çox vacib qələbə qazandıq. Amma qələbəni bayram etməyə vaxtımız yoxdur. Üç gün sonra səfərdə “Qəbələ” ilə vacib oyuna çıxacağıq.
Bu qələbədə qırmızı vərəqədən sonra meydana daxil olanlar çox böyük pay sahibidirlər. Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır. Qələbə qazandıq, müsbət tərəflərindən danışırıq. Amma dəyişikliklərdən sonra məğlub ola da bilərdik. O dəqiqələrdə beynimdə hər şey çox qarışıq idi. Qırmızı vərəqə planlarımıza daxil deyildi. Ani olaraq belə qərar verdik. Sevinirik ki, effektiv alındı”.
Rəşad Sadıqov “Zirə”nin antifutbol oynadığına dair səsləndirilən fikirlərə də münasibət bildirib:
“Kiminsə bizim antifutbol oynadığımızı dediyini eşitməmişəm. “Müdafiəyəmeyilli oynayırlar”, “az qol vururlar” şərhləri olub. Hər mütəxəssisin fikrinə hörmətlə yanaşıram. Bəzən özüm üçün nəticələr də çıxarıram. Bizim məqsədimiz kiməsə nəyisə sübut etmək deyil. Məqsədimiz imkan daxilində çempionatı yuxarı pillələrdə bitirməkdir”.
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç isə komandasının məğlubiyyətinə belə şərh verib:
“İlk hissədə yaxşı oynayırdıq. Rəqib azlıqda qalana qədər oyuna nəzarət edən tərəf biz idik. Rəqib qırmızı vərəqə gördükdən sonra oyunçularım düşündülər ki, daha asan qələbə qazanacaqlar. “Zirə” azlıqda qalandan sonra toparlandı. İki standart vəziyyətdən qapımıza qol vurdular. Bu, gözlənilməz oldu. Öz səhvlərimizlə rəqibə 2 qol hədiyyə etdik.
Futbolda bəzən belə hallar olur. Say üstünlüyü olsa da, məğlub olursan. Elə buna görə hamı futbolu bu qədər sevir. Öncədən nəyisə proqnozlaşdırmaq mümkün deyil. Mən də say üstünlüyümüz olduğu halda məğlub olacağımızı gözləməzdim”.