Rəşad Sadıqov: “Şamaxı” ilə oyuna əlavə təzyiqlə çıxmışdıq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Dünən əsas rəqiblərimiz vacib xallar qazanmışdı. Bu gün oyuna əlavə basqı ilə çıxmışdıq. Futbolçularıma təşəkkür edirəm. Oyuna ciddi yanaşdılar. Ayxan Abbasovun komandasına qarşı oynamaq həmişə çətin olur. İkinci hissə bizim üçün daha çətin keçdi. Rəqib 10-15 dəqiqə ciddi təzyiq yaratdı. Həmin dəqiqələrdə qol da buraxdıq, amma sayılmadı. Çox önəmli qələbə qazandıq.

Bütün oyunlara xüsusi yanaşırıq. Hər xal çox önəmlidir. Keçən ilə baxanda gərgin çempionat keçir. Rəqiblərimiz çox xal itkilərinə yol vermir. Bu oyunlar hamısı beynimdə canlanır. Bu matç da çox önəmli idi. Şamaxıda oynamaq bütün komandalar üçün çətindir”.

Rəşad Sadıqov heyətlə bağlı problemlərindən də söz açıb:

“Zədəli futbolçularımızdan İssa Cibrilla tam sağalıb. Sadəcə, optimal formada deyil. Qismət Alıyev hələ kollektivlə məşq etmir. Əslində elə ciddi zədə deyil. Onun 1-2 oyun buraxması bizim üçün ciddi itkidir. Limit olmasa, bu gün Tyaqoya şans verərdim. Məsələ tək qapıdan getmir. Bütün mövqelərdə rəqabət yaratmaq istəyirik. Aydın Bayramov da çox yaxşı formadadır. Qarşıdakı turlarda heyətə, rəqibə görə qərarlar verəcəyik”.

“Alternativ olmazsa, çətin olacaq” – Ayxan Abbasov

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə bunları söyləyib:

“Güclü komandaya qarşı oynayırdıq. Bu gün onlarla matç həqiqətən, çətin idi. Oyuna pis başlamadıq. Bəlkə də, ilk dəqiqələrdə olan epizodları dəyərləndirə bilmirik. Son matçlarda bu, narahat edir. Rəqibin hücumda usta oyunçuları var və səhvimizdən istifadə etdilər. İkinci hissədə tempi yüksək tutub, hücumlar etsək də, alınmadı. Nəticələr qane etmir. İlk dövrəni yaxşı keçirdik, amma sonra itkilər problemlərə yol açdı. Mövsümün əvvəlində bunu təxmin etmişdik. Bizə ruhdan düşməmək lazımdır. Sona qədər mübarizə davam edəcək hədəfə çatmaq üçün çox çalışmalıyıq. Qışa qədər xallar yığmalıyıq.

Mövsümün əvvəlindəki müdafiədən çox dəyişiklik etdik. Heyətdə itkilərimiz var. Mikrozədəsi olanlar da məcburiyyətdən oynayır.

10 komanda var. Təqvimi nəzərə almaq lazımdır. “Neftçi” ilə oyundan sonra kritik matçlar olacaq. Bu görüşlər bizim üçün vacibdir. Lakin baxsaq, bizdən üstün olan komandalar da 4 oyundur, qələbə qazana bilmir.

Qış fasiləsində heyətlə bağlı dəyişikliklər düşünürük, amma imkan da önəmlidir. Güclənməyimizə ehtiyac var. Bəzi mövqelərə həm rəqabət, həm alternativ axtarırıq. İndi çempionata köklənmişik. Qışda transferlərlə bağlı düşünəcəyik. Digər komandalar dayanmır. Məsələn, “Kəpəz”də yeni transferlər var. Hamı bilir ki, çempionat çətinləşəcək. Alternativ olmazsa, çətin olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: