“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri səfər oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah”la oyunlarımız həmişə baxımlı alınır. Bu gün də yaxşı, gərgin mübarizə şəraitində keçən matç oldu. Hər iki komanda qələbəyə layiq idi. Biz bu gün bir az uğurlu olduq və vacib 3 xal qazandıq.
Həm birinci, həm də ikinci hissədə “Sabah”ın təhlükəli hücumları oldu. Böyük qüvvə ilə irəli atılanda onların müdafiəsində boşluqlar yaranırdı. Bizim istəyimiz həmin boşluqlardan istifadə edib ikinci qolu vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Buna görə də son dəqiqələr bizim üçün gərgin keçdi.
Turnir cədvəli o qədər sıxdır ki, qazanılan hər 3 xal qızıla bərabərdir. Sevinməyə çox vaxtımız yoxdur. Üç gün sonra bizi vacib kubok matçı gözləyir”.
Rəşad Sadıqov avrokuboklara vəsiqə qazanmaq baxımından çempionat və kubok arasında fərq qoymadıqlarını dilə gətirib:
“Hər ikisi bizim üçün çox önəmli turnirdir. Həmişə qarşıda gələn oyunu fikirləşirik”.
Baş məşqçi “Zirə”nin yeni transferi Araz Abdullayevin hazırkı durumundan da söz açıb:
“Gözlədiyimdən daha yaxşı vəziyyətdədir. Uzun müddətdir futboldan kənarda qalıb. Çalışacağıq ki, formasını bərpa etsin. Araz istedadlı futbolçularımızdandır. Onu klubsuz görmək hamımız üçün məyusedicidir”.
“Keçirdiyimiz 3 oyundan ən yaxşısı bugünkü matç idi”
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə paytaxt təmsilçisinin sükanı arxasındakı ilk məğlubiyyətinə belə şərh verib:
“Belə oyundan sonra nəticədən danışmaq çətindir. Nəticədən yox, futbolçuların göstərdiyi mübarizədən razı qaldım. Oyunun əvvəlində nəzarət bizim tərəfimizdə idi. “Zirə”nin çox yaxşı komanda olduğunu bilirdik. Standart vəziyyətdə kiçik səhv etdik və qolla nəticələndi. Bu, futboldur. Belə hallar baş verə bilər. Sona qədər təslim olmadıq. Rəqibi də təbrik edirəm. Qələbəyə layiq idilər.
Hələ heç nə həll olunmayıb. Qarşıda 8 tur var. Hər həftə hər şey dəyişə bilər. 5-6 komanda xal baxımından bir-birinə çox yaxındır. Bir qələbə ilə daha irəli gedə bilərik. Mövsümü 2-ci yerdə də bitirə bilərik, 4-cü yerdə də. Bir oyun heç nəyi həll etmir. Bura gələndə inanırdım ki, bizim oyunçuların mövsümü 2-ci yerdə bitirmək üçün keyfiyyəti var. Burada olduğum müddətdə keçirdiyimiz 3 oyundan ən yaxşısı bugünkü matç idi. Əvvəlki matçların ikinci hissəsində oyundan düşmüşdük. Bu gün isə 90 dəqiqə yaxşı oynadıq. Amma belə oyunlarda qol vurmalısan. Futbolçuların mübarizəsindən, döyüşməklərindən razıyam. Futbol belədir, bəzən yaxşı oynasan da, qələbə qazana bilmirsən”.