Rəşad Sadıqov və Murad Musayevdən heç-heçə şərhi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan səfər matçından sonrakı mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyunun şahidi olduq. Hər iki komanda meydanda amansız mübarizə apardı. Qələbə qazanaraq şanslarımızı son tura saxlamamaq istəyirdik. Buna yaxın idik. Rəqib də 90-cı dəqiqədə yüz faizli qol imkanı yaratdı. O dəqiqələrə qədər yaxşı imkanlarımız olsa da, istifadə edə bilmədik. Bu gün qələbə qazanmadıq, amma futbolçuların çıxışından razıyam. Yaxşı rəqibə qarşı oynayırdıq. “Sabah” ikinci yeri təmin etsə də, necə mübarizə apardığını gördünüz. Əsas heyət son dəqiqəyə qədər meydanda idi. Bu, bizim işimizi bir az çətinləşdisə də, komandam oyunun öhdəsindən pis gəlmədi”.

Rəşad Sadıqov indiki vəziyyətdə “Qəbələ”nin avrokuoklara vəsiqə qazanmaq baxımından daha şanslı olduğunu bildirib: “Qış fasiləsindən sonra “Qəbələ” ilə aramızda dördüncü yer uğrunda gərgin mübarizə gedəcəyi dəqiq idi. Elə də oldu. Üç tur bundan öncəyə qədər 6 xal geridəydik. Ancaq indi son tur öncəsi şansımız qalır. Son turda rəqib mütləq məğlub olmalı, biz qalib gəlməliyik. Hətta bərabərlik də bizə kifayət etmir. “Qəbələ” evdə “Kəpəz”ə qarşı oynayır. Təbii ki, üstünlük onlardadır, favorit onlardır. Amma biz işimizi sona qədər görəcəyik”.

“Sabah”ın baş məşqçisi Murad Musayev isə qolsuz heç-heçədən sonra bunları söyləyib:

“Çoxlu hücumlar şəraitində keçən oyunun şahidi olduq. Emosiyalar, ikili mübarizələr var idi. Bəzi futbolçularımız zədəlidir. Buna baxmayaraq, peşəkarlığımızı göstərdik, sona kimi oynadıq və keyfiyyətli futbol sərgilədik.

Hələ mövsüm başa çatmayıb. Avrokuboklardan öncə transferlər etməliyik. Püşkdən də çox şey asılıdır. Çünki çox güclü rəqiblər var. Heç nə söz verə bilmərəm. Bir şeyi söz verə bilərəm ki, təlim-məşq toplanışında çox ciddi hazırlaşacağıq. Bunun nəticəsində nələrin olacağını gələcəkdə görəcəyik. Güclənməyi biz də istəyirik. Aleksey Kaşukla hələ razılıq əldə olunmayıb. Mən də istəyərdim ki, “Real” kimi olaq. Modriç və Benzemanı istəyərdim. Amma elələri bura gələrmi?”