Rəşad Sadıqov: “Xeyrimizə belə penalti verilməsini istəmərəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yüksək yerlər uğrunda mübarizə aparan iki komanda oynadı. Meydanda amansız mübarizə getdi. Hər iki komanda qələbə istəyirdi. Oyun bizim üçün yaxşı alınırdı. İkinci hissədə əks-hücumlardan istifadə edib ikinci qolu vura bilərdik, amma olmadı. Xırda səhv nəticəyə təsir edə bilərdi. Sonda qapımıza zərbə olmadan penalti təyin edildi. Əlimizdən gələni etdik. Futbolçularımın mübarizəsindən razı qaldım. Hesab 1:1 olandan sonra da hücum edən tərəf idik. Təəssüf ki, qələbə qazana bilmədik. Səfərdə bu cür rəqiblə oyunda 1 xal da pis deyil”.

Rəşad Sadıqov penalti qərarına da münasibət bildirib:

“Ola bilər qaydalarla penaltidir, haqlı qərardır. Amma mənim də xeyrimə belə penalti verilməsini istəmərəm. Ötürmə yoxdur. Futbolçu əlini yığışdırmağa çalışırdı. Qaydaları dəqiq bilmirəm”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə heç-heçəyə belə şərh verib:

“Yaxşı, dinamik və mübarizəli oyunun şahidi olduq. Hər iki komanda meydanda yaxşı iş görməyə çalışırdı. Yaxşı oynadıq və 1 xal qazandıq. Yolumuza davam edirik. Məni sevindirən komandanın oyundan qopmamasıdır. Uduza da bilərdik. İlk turda “Qarabağ”a böyük hesabla uduzanda da, komanda olaraq çox “panika”ya düşmədik. Təcrübəli futbolçularımız var. Təzyiq altında oynaya biləcəklər. Bu, maksimumumuz deyil. Komanda olaraq daha rəngarəng ola bilərik”.