“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında deyib.
“Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqədə pressinq tətbiq edərək, topu əldə edib qapıya zərbə vurduq. Hesabı açdıqdan sonra oyun daha çox mərkəzdə keçirdi. İlk hissədə ərazi üstünlüyümüz var idi. Bilirdik ki, fasilədən sonra rəqib daha çox irəli atılacaq. Futbolçularımız tempdən düşmədilər və lazım olan ikinci qolu vurduq. Bizim üçün çox vacib qələbə qazandıq”.
Rəşad Sadıqov komandasının ümumi çıxışından razı olduğunu dilə gətirib, eləcə də Yusuf Lavalın transferindən danışıb:
“Oyunçulardan razıyam. Çempionatda iki məğlubiyyətimiz var idi. Nəticə psixoloji cəhətdən çox önəmlidir. Bu gün bərabərlik də pis nəticə sayılmayacaqdı.
Lavalla danışığımız mövsümün əvvəlində olmuşdu, klubu buraxmırdı. Keçid ani alındı. Bu, Juniorun zədəsi ilə bağlı deyil. Hücumda cəmi 5 futbolçu var idi. Axtarışlarımız davam edirdi. Tam istədiyimiz variant çıxmırdı. Laval təklif olunduqda, düşünmədən imzaladıq. Bilirdik ki, zədəsi var. Beş-altı həftə sonra bizə qoşulacaq. Uzun müddət komandamıza xidmət etməsini düşünürük. Altı hücumameyilli oyunçumuz var. Sağlam rəqabət olacaq”.
“Belə futbol oynamaq heç də xoş deyil”
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk da komandasının çıxışını şərh edib. Ukraynalı mütəxəssis sərgilədikləri oyundan narazı olduğunu gizlətməyib:
“Strateji olaraq, ilk dəqiqədə qol buraxmaq xoş deyil. Amma futboldur, belə şeylər olur. İstənilən halda, bu gün oynadığımız futbol qəbulolunmazdır. Heç bir şey bizi sarsıda bilməz ki, istədiyimiz futbolu oynaya bilməyək. Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son mətbuat konfransında da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz. Hamımız görürük ki, hücum xəttində axsayırıq. İstədiyimiz kimi çıxış etmirik. Hər oyundan-oyuna sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil. Bizim daha yaxşı və başqa futbol oynamaq ehtimalımız da var. Bu gün qol buraxdıq. Məğlub olmağımızın səbəbi ilk dəqiqələrdə buraxdığımız qol ola bilər. Amma belə deyil. Məsuliyyəti dərk edərək deyə bilərəm ki, daha yaxşı oynamaq üçün potensialımız var”.


