Rəşid Məmmədəliyev “Böyük Dəbilqə”də gümüş medal qazandı

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız yalnız finalda büdrəyib.

Cüdoçumuz yarışın startından etibarən Mark Xristov (Bolqarıstan), Koen Heq (Hollandiya), Bayram Kandəmir (Türkiyə), Şahram Ahadov (Özbəkistan) və Umalta Dəmirəli (Türkiyə) məğlub edib. Onun finaldakı rəqibi Moldova cüdoçusu Adil Osmanov olub. Yalnız həlledici görüşündə məğlub olan Rəşid Məmmədəliyev Antalyadakı turnirdə gümüş medalla kifayətlənib.

Bu gün mübarizəyə qoşulmuş digər cüdoçularımızdan Vüsal Qələndərzadə ilk görüşdə Keysey Nakanoya (Filippin) qalib gəlsə də, sonra Kiprianos Andreuya (Kipr) məğlub olub. Ömər Rəcəbli (81 kq) isə startda Joao Fernandoya (Portuqaliya) uduzub.

Xatırladaq ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməmişdilər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış etmişdilər.

Antalyadakı “Böyük Dəbilqə” turnirinə sabah – martın 31-də yekun vurulacaq. Son gündə daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq. -90 kq-da Vüqar Talıbov, +100 kq çəki dərəcəsində isə Uşanqi Kokauri ilə Camal Qamzatxanov medal şansını sınayacaq.

Azərbaycan yığma komandası yarışda 6 çəki dərəsində 9 idmançı ilə təmsil olunur. Cüdoçulara mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və məşqçi Rüstəm Alimli rəhbərlik edirlər.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alıb.