21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) baş məşqçisi Rəşad Eyyubov Türkiyədə keçirdikləri yoxlama oyunlarını şərh edib.
Arena.az xəbər verir ki, U-21 millimiz mayın 31-dən iyunun 10-na qədər Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olub.
Komandamız burada iki yoxlama oyununda da qüvvəsini sınayıb. Bəhreyni üç cavabsız qolla üstələyən U-21 yığmamız Qırğızıstana 1:3 hesabı ilə uduzub.
Rəşad Eyyubov Türkiyədəki təlim-məşq toplanışında baş tutan matçlarda yeni ideyaları və oyunçu kombinasiyalarını sınadıqlarını bildirib. Gənc mütəxəssis toplanış və yoxlama oyunları barədə sosial şəbəkə hesabında bunları yazıb.
“Yeddi yeni futbolçu şans qazandı. İnanıram ki, onlar gələcəkdə komandada rəqabəti daha da artıracaqlar. Sentyabrda bizi üç həlledici oyun gözləyir. Bu təlim-məşq toplanışı bizə çox məlumat verdi. İndi əsas məqsəd bu məlumatları düzgün təhlil edib növbəti oyunlara daha yaxşı hazırlaşmaqdır. Mən hər zaman pozitiv qalıram və həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram”.


