21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) baş məşqçisi Rəşad Eyyubov Şotlandiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, U-21 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Şotlandiya yığması ilə qarşılaşıb.
Rəşad Eyyubov 3:3 hesabıyla yekunlaşmış oyundan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib:
“Bu, çox çətin oyun idi. İlk növbədə, üç gündən bir oynamaq fiziki cəhətdən çox ağırdır, amma biz futbolçuları oyuna yaxşı tonusda gətirə bildik.
Oyuna dair planımız işlədi – biz rəqibi yaxşı tanıyırdıq və bizi nə gözlədiyini bilirdik. Şotlandiyaya 3 qol vurduq. Bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı. Təəssüf ki, bir qolu rikoşetdən, digərlərini isə standart vəziyyətlərdən buraxdıq. Mən sevinirəm ki, komanda Çexiyaya məğlubiyyətdən sonra düzgün reaksiya göstərdi, amma eyni zamanda çox məyusam, çünki qələbəni son dəqiqələrdə əldən verdik. Fikrimcə, biz bu gün 2 xalı itirdik”.
Qeyd edək ki, U-21 qrupda növbəti matçını noyabrın 18-də səfərdə Cəbəllüttariq yığmasına qarşı keçirəcək. Hesabında 2 xalı olan yığmamız hazırda yer aldığı qrupda sonuncu pillədə qərarlaşmış xalsız Cəbəllüttariqi qabaqlayır.


