“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”la ilk oyunda səfərdə qarşılaşmaq istəməzdik. Amma düşündüyümüzün əksinə, bu dəfə uğurlu alındı. Birinci hissədə daha inamlı idik. Biz hesabı açdıqdan sonra “Qarabağ”da dəyişikliklər oldu, rəqib hücuma atıldı. Bu üzdən əks-hücumlara üstünlük verməyə başladıq. Narahatlıq var idi ki, 60-70-ci dəqiqədən sonra çatdırmarıq. Amma şükürlər olsun ki, oyunçularım bu gün xarakter göstərdilər, sonadək mübarizə aparıb, qələbə hesabını qorumağı bacardılar. Hər kəsi, camiəmizi təbrik edirəm. Fikrimcə, 4-5 turdan sonra ideal fiziki formada olacağıq”.
O, “Zirə”nin “Qarabağ” üzərində qazandığı ilk qələbəsinin xüsusi hisslər yaratdığını söyləyib: “Xüsusi hiss var, amma qarışıqdır. “Qarabağ”a qarşı oyunlarda həmişə qəribə hisslər olur. Uzun illər “Qarabağ”da oynamışam. Təbii ki, bu komandaya qarşı oyunlar mənim üçün həssas olur. Aşırı şəkildə sevinc yoxdur. Biz yaxınıq, münasibətlərimiz hamıya bəllidir. Amma hər zaman ədaləti qoruyub-saxlamağa çalışırıq”.
Baş məşqçinin sözlərinə görə, transfer çalışmalarını davam etdirirlər: “1-2 oyunçu gətirmək istəyirik. Hazırda bir neçəsi ilə danışırıq. Alınmasa belə, bu heyətlə davam edəcəyik. Komandadan razıyam, sadəcə, heyəti genişləndirmək istəyirik. Toplanış zamanı iki hücumameyilli oyunçumuz zədələndi. Rəhim Sadıxov da zədələnib. Onu sol cinahda oynatmağı düşünürdük. Məcburiyyətdən Eldar Quliyevə o mövqedə şans verdik. Hücum xəttində oyunçuya ehtiyac var”.
Rəşad Sadıqov yayda “Qəbələ”dən transfer olunan braziliyalı müdafiəçi Ruan Renato barədə xoş sözlər söyləyib: “Ruanın liderlik keyfiyyətini görürdüm. Bu, 100 futbolçudan birində olur. Ruan məşqdə, oyunda futbolçuları motivasiya etməyi bacarır. Bu da effektini göstərir”.
Qurban Qurbanov: “Daha yaxşı oynamağa qadirik”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə mövsümün ilk oyununda məğlub olmalarını belə şərh edib:
“Öncə Rəşadı və “Zirə”ni təbrik edirəm. Liqaya çox yaxşı başladılar. Onlara uğurlar arzulayıram. Məğlub olduq… Düşünürəm ki, öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk matç göstərdi ki, çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq.
Əvvəlki mövsümlərdə də uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxş kollektivimiz, yaxşı futbolçularımız var. Daha yaxşı oynamağa qadirik. İnanıram ki, zamanla hər futbolçunun tam potensialını üzə çıxara biləcəyik.
Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarnı saxlaya bilmirlər. Normal qarşılamaq lazımdır. Amma dəfələrlə bildirmişəm ki, mövsümün ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olan oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transfer etməmişik. Transfer danışıqlarımız gedir. Mənim çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, “Qarabağ”ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. İnanıram ki, bunu bacarcağıq”.

Qurbanov Avropa Liqasının 3-cü raundunda üz-üzə gələcəkləri Finlandiyanın HJK komandası barədə də danışıb:
“Sanki ikinci “Rakuv”dur. Sistem və oyun olaraq belədir. Bərk komandadır. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. “Rakuv” kimi müdafiə olunurılar, hücumda çox bənzər epizodları var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək. Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq, futbolçulara deyəcəyik. Hansı oyunçu bizə təhlükə yaradarsa, ona diqqət ayıracağıq”.


