“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 2-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rəşad Sadıqov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Olduqca gərgin və maraqlı oyunun şahidi olduq. Xüsusən, ikinci hissədə sürətli oyun getdi. Çoxlu qol epizodları qaçırdıq. Futbolçular sona qədər inandılar, soyuqqanlı qaldılar. Son dəqiqələrdə əsas məsələ arxaya çəkilməmək idi. Belə də oldu. 2:1-dən sonra da hücum haqqında düşündülər. Bunun da nəticəsi olaraq 3-cü qolu vurduq.
Qismət Alıyevin yenə ehtiyatda qalmasına gəlincə, bu, bizim planlaşdırdığımız bir məqamdır. Ötən mövsüm Qismət öz mövqeyində tək idi və o zədələndiyi halda çətinliklə üzləşirdik. Hazırda əlimizdə 3 cinah müdafiəçisi var və bu, mövsüm boyu rotasiyalı şəkildə davam edəcək. Bu gün Qismətin ehtiyatda olması, onun digər oyunçulardan zəif olması anlamına gəlmir. Hazırda da heyətlə bağlı əskiklərimiz var. Seleksiyalarımız davam edir. Danışıq apardığımız futbolçular da var. Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Konkret desək, 5-6 futbolçu ilə danışıqlar aparırıq. Hansı futbolçuların transfer olacağını yaxın zamanda görəcəyik. Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil”.
“İmişli”nin baş məşqçisi Fərid Namazov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Zirə”nin bu matçda da dominant oynamağa çalışacağını bilirdik. Bunun qarşısını almağa çalışırdıq. İstəyirdik ki, topu rəqibə verməyək, amma bunu nə qədər bacardıq, sual doğurur. “Zirə”ni analiz etdiyimiz yerlərdən qollar buraxdıq. Fərdi səhvlər etdik. Bu, futboldur. Olur belə hallar. Ehtiyat heyətlə bağlı problemlərimiz var. Təbii ki, gənc futbolçulara şans vermək klubun strategiyasıdır. Geridə olduğumuz dəqiqələrdə gənc oyunçulara da şans vermək risklidir. Düşünürəm ki, bunun da öhdəsindən gələcəyik”.


