Rəşad Sadıqov: “Heyətlə bağlı şikayət edə bilmərəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqasının 13-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gözlədiyimizdən də çətin sonluq oldu. “Qəbələ” ilə oyunlarımız həmişə ağır keçir. Qola qədər oyun daha çox bizim nəzarətimizdə keçirdi. Qoldan sonra tədricən “Qəbələ” üstünlüyü ələ keçirdi, böyük qüvvə ilə irəli atıldılar. Futbolçularımız daha çox müdafiədə oturmağa məcbur oldular. Kənardan çox müdaxilələr etdik ki, müdafiəyə oturmayaq. Oyunu necə başlamışdıqsa, elə də davam etmək istəyirdik. Ancaq rəqib riskə getdi. Dəyişikliklərdən sonra daha böyük qüvvə ilə irəli atıldılar. Hətta epizodların birində Andriya Lukoviç topu boş qapıdan çıxardı. Vacib 3 xal qazandıq.

Komanda üzərində basqı var. Bu da nəticələrlə bağlıdır. Bu gün onu açıq-aşkar hiss edirdim. Oyundan öncə və təhlillərdə də deyirik ki, üstünüksə, müdafiədə oturmağın mənası yoxdur. Bu, zərərdən başqa bir şey deyil. Lakin yenə də, müdafiəyə oturdular və amansızca mübarizə apardılar. Xoş sözlərə layiq mübarizə idi”.

Rəşad Sadıqov komandasındakı zədəlilərdən də söz açıb: “Bizim də, “Qəbələ”nin də heyətində ciddi problemlər var idi. Rəqibin 3-4 aparıcı futbolçusu çıxış etmirdi. Amma bu gün heyətlə bağlı şikayət edə bilmərəm. Çünki bu gün heyətimiz “Qəbələ”dən daha geniş idi. Baxmayaraq ki, bizim də zədəlilərimiz çoxdur. Zədədən dönənlər də az deyil. Altı futbolçumuzun üç sarı vərəqəsi var. Felipe Paxtman zədədən sonra bərpa olub. 0:0 olanda meydana buraxmaq istəyirdik. Sonradan qol vurduq deyə, onu saxladıq, başqa dəyişikliklər etdik. Hələ ki, 30-40 dəqiqə və ya ardıcıl 2-3 oyun əsas heyətdə oynamağa hazır deyil. Yəqin ki, onunla bağlı təmkinli olacağıq. Hacıağa Hacılı da zədəlidir. O, əvvəlki illərdə çox oynayıb, güvəndiyim oyunçudur. Mövsümün əvvəlində zədələndi və demək olar ki, bütün hazırlığı buraxdı. Avqustun sonlarında məşqlərə başlasa da, sonra yendiən zədələndi. Səbirsizliklə tam sağalmasını gözləyirik. Təxminən bir aydan sonra məşqlərdə iştirak edə biləcək”.

“Ən çox hücumda olan və ən az qol vuran komandayıq”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətini belə şərh edib:

“Maraqlı oyun alındı. Hər iki komanda layiqli mübarizə apardı. Meydanda daha çox mübarizənin şahidi olduq. Komandalardan hər biri qalib gələ bilərdi. Bərabər səviyyədə oyun getdi. Düşünürəm ki, bu gün şans “Zirə”nin tərəfində oldu. Əsas problemimiz son nöqtəni qoya bilməməyimizdir. Bunda çətinlik çəkirik. Bu oyunda da yalnız qol çatmadı. Ən çox hücumda olan və ən az qol vuran komandayıq. Bunun səbəblərini araşdırırıq. Nəyisə dəyişmək üçün danışmaq yox, çalışmaq lazımdır. Ümumilikdə komandamdan razıyam. Ötən mövsüm fərqli komandamız var idi. Sonda məqsədlərimizə çatdıq. Bu mövsüm isə heyətimiz fərqlidir. Çalışıb, son pillədən qurtulmaq lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: