“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”yə (Təl-Əviv, İsrail) qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqib komandada baş məşqçı dəyişikliyi baş verib. Heyətlərində zədəli futbolçuları var. Bunu bilmək üçün İsrailə səfərim vacib idi. Komandanın oyuna köklənməsindən çox razıyam. “Makkabi” ilə oyunlara hazırıq. Amma ilk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, müsbət nəticəyə köklənmişik.
Rəqibin favorit sayılması normaldır. Daim avrokuboklarda oynayır, ölkə çempionatında iddialıdır. Məni isə sabah 90 dəqiqənin hər saniyəsi maraqlandırır. Ondan sonra gedişata baxacağıq. Şansları bərabər görürəm. Hər şey düşündüyümüz kimi getsə, futbolçularım yaxşı oyunlarından birini göstərsə, “Makkabi”ni təəccübləndirə biləcəyik. İsrail təmsilçisi üzərində qələbə komandanı yeni səviyyəyə çıxara bilər.
Şəxsən mən oynayan vaxt da rəqib seçməmişəm. Püşkün önəmi yoxdur. Zəifə uduza və ya güclüyə qalib gələ bilərsən. Ən vacibi sənin hazırlığındır. Əminəm ki, komanda olaraq bundan daha çoxunu bacarırıq. İnşallah, sabah bunu meydanda göstərəcəyik”.
Rəşad Sadıqov yeni transferlər haqda
Rəşad Sadıqov yeni transferlərini də dəyərləndirib: “Rəhim Sadıxov universial futbolçudur. Futbolçunun 2-3 mövqedə oynamağı bacarması hər məşqçinin arzusudur. Rəhim də universaldır, hər bir taktiki sxemə uyğundur.
“Qarabağ”dan icarəyə götürdüyümüz Rüstəm Əhmədzadə gənc və perspektivli futbolçudur. “Qarabağ”da hücum xəttində rəqabət böyükdür. Rüstəm “Qarabağ”a keçməzdən əvvəl də onu transfer etmək istəmişdim. Həmin vaxt menecerləri demişdi ki, Azərbaycanda yalnız “Qarabağ”da oynaya bilər. Rüstəm də universal futbolçudur. Mövsümboyu ondan müxtəlif mövqelərdə, daha çox hücumçu kimi yararlanacağıq. Futbolda hər an problem yaşaya bilərsən. Rüstəmlə söhbətimizdə də pozitiv reaksiya gördüm. Əminəm ki, inadkarlığı və istəyi ilə problem yaşamayacaq, gələcəkdə “Qarabağ”ın aparıcı oyunçusuna çevriləcək.
Rüstəm Əhmədzadə və Hamidu Keyta ön xətdə oynaya bilir. Hətta Rəhim də yalançı hücumçu mövqeyində oynaya bilər. Hücum xətti ilə bağlı problemimiz yoxdur. Filipe Paxtmann və Təmkin Xəlilzadə hazır olsaydı, heyətin kasadlığndan narahat olmazdım. Həmçinin Mirsayib Abbasov da hücumun hər iki cinahında oynaya bilir. Mən universal oyunçuları xoşlayıram. Çünki belə olanda bəzən gözlənilməz addım ata bilirsən.
Slavik Alxasovu hələ “Sabah”a keçməzdən əvvəl də istəmişdim. Bu il artıq 4 cinah müdafiəçimiz var. Kimsə cəzalı və ya zədəli olduqda digərləri onu rahatlıqla əvəz edə biləcək. Çünki ötən mövsüm bəzən Qismət Alıyevi sol cinahda oynadırdıq.
Bu transferlər təkcə avrokuboklar üçün deyil. Bir mövsümlük plan cızmışıq. 4-5 transfer etmək istəyirik. Mənim üçün vacib olan əlimizdəki oyunçuların performansıdır. Bu komanda ilə ötən mövsüm uğurlu çıxış etmişik. Bir az da uğurlu olub, kuboku qazana bilərdik. Hazırda transfer danışıqları istədiyimiz kimi getmir. Transferlərin olmaması “Makkabi” ilə oyunlarda hiss olunmaz.
Ahmed Ayzaya və Brayan Alseusla yollarımızı ayırmağımıza gəlincə, Ayzayanın potensialı çox yaxşı idi, onu bəyənirdim. Amma müəyyən şeylər var ki, komandamda o amillər çox vacibdir. Nə qədər istedadlı olursan-ol, mənim öz prinsiplərim var. Onunla yollarımızı normal ayırdıq. Həmçinin Alseusun da şəxsi problemləri var idi. Daim qayğılı idi, işinə köklənə bilmirdi.
“Zirə”ni yaxşı analiz etmişik”
Əcnəbi futbolçudan dərhal nəticə istənilir. Belə olan halda hansısa oyunçunu oynatmamaq mənə ağır gəlir. İnsanlar futbola sevərək gəlir. İdmanın digər sahələrdən fərqi ondadır ki, insan bu sahəni sevərək seçir. Ondan da oynamağı əlindən alanda bu sevgidən məhrum edirsən. Kimisə oynatmağı düşünmürəmsə, öncədən ona deyirəm ki, qalıb məyus olmaqdansa, xoşbəxt olacağı yerə getsin. Bir az fərqli futbolçuları xoşlayıram. Heyətimizdəki bir çox oyunçular tanınmır, əvvəlki komandalarında heyətə düşə bilməyiblər”.
“Zirə”nin baş məşqçisi təcrübəli müdafiəçi Ruslan Abışova şans verə biləcəyini istisna etməyib: “Planımızda var. Ruslana ötən mövsüm də şans verməyi planlaşdırırdım. Təcrübəli, usta oyunçudur. Az oynasa da, aparıcı simalarımızdan biridir. Bəzən ağlımdan keçirdi ki, Cəlal Hüseynova istirahət verim, onu Ruslanla əvəz edim. Amma limitə görə müəyyən çətinliklər yaşayırdım. Abışov son məşqdə zədələnib. Bir həftə, 10 gün komandadan ayrı qalacaq”.
“Makkabi”nin baş məşqçisi Vladimir İviç də bu gün Bakıda jurnalistlər önünə çıxıb. O, bunları söyləyib:
“Zirə” ötən mövsüm çempionatda 3-cü yeri tutub. Hiss olunur ki, təşkilatlanmış komandadır. Rəqibi yaxşı analiz etmişik. Rəşad Sadıqovun bizim yoxlama oyunumuzu izləməsindən xəbərim olmayıb. Bunun rəqib komanda üçün üstünlük olub-olmaması həmin məlumatlardan necə istifadə etmələrindən asılıdır. Biz də “Zirə”ni təhlil etmişik. Ötən mövsüm bu komanda ikinci yerdən cəmi 3 xal geridə qalıb. Həmçinin kubokun finalında oynayıblar”.
“Makkabi”nin müdafiəçisi Şeran Yeini də fikirlərini bölüşüb: “Üçüncü dəfədir Azərbaycana gəlirəm. Çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək. Daha əvvəl Azərbaycanda keçirdiyimiz matçlarda qələbə qazanmamışam. Həmin görüşlərimizdə 0:0 və 1:1 hesabı qeydə alınmışdı”.



