Rəşad Sadıqov: “Onun bizə belə qollar vurmasına artıq alışımışıq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış səfər oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qəbələ səfəri hər komanda üçün ağırdır. Qələbə qazanmaq istəyirdik. Meydanda amansız mübarizə gedirdi. Hər iki komanda çox istəkli idi. Matça pis başlamadıq, oyuna biz nəzarət edirdik. Gözlənilməz qol buraxdıq. Sonra qol vurduq və nəzarəti əldə aldıq. İkinci hissədə hücum potensialını daha da gücləndirdik. Lakin istədiyimiz qolu vura bilmədik. İki epizodda rəqib qapıçı etibarlı oynadı. Bu cür oyunda q xal pis nəticə deyil. Qarşıda bizi “Səbail”lə çox vacib oyun gözləyir. Ona hazırlaşacağıq.

Ülvi İsgəndərov ikinci dəfədir ki, “Zirə”yə uzaq məsafədən qol vurur. Onun bizə qarşı xüsusi motivasiya ilə oynadığını deməzdim. Amma artıq alışımışıq. Bizimlə hər oyunda ya qol vurur, ya məhsuldar ötürmə edir. Təəssüf ki, belə qol buraxdıq. Oyundan öncə bu haqda danışmışdıq. Amma Ülvinin usta vuruşuna da qiymət vermək lazımdır”.

Rəşad Sadıqov hakimlərin işindən nə dərəcədə razı qaldığına dair sualı da cavablandırıb:

“Bəyəndiyimi deyə bilmərəm. Mənə ədalətli hakimlik lazımdır. Bu gün qayda pozuntuları çox idi. Ümumiyyətlə, “Qəbələ” ilə buradakı oyunlarımız həmişə aqressiv keçir. Amma indi onların vəziyyəti elədir ki, hər rəqibə qarşı bu cür yanaşırlar. Bu, başadüşüləndir, çempionatın gərgin dövrüdür, hamı qələbə qazanmaq istəyir. Barış Şimşəkin işinə qiymət vermək istəmirəm. Bizim 5-6 yaxşı hakimimiz var”.

Baş məşqçi zədəli Rüstəm Əhmədzadənin durumuna da aydınlıq gətirib: “Ən azı bir ay komandadan ayrı qalacaq. Çox ağır zədə alıb”.

“Komandanın çıxışından razı qaldım” – Elmar Baxşıyev

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə doğma meydandakı heç-heçəyə belə şərh verib:

“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda yaxşı mübarizə apardı. Heyətlə bağlı sıxıntı yaşayırdıq. Amma meydana çıxan oyunçular onları layiqincə əvəz etdilər. Komandanın çıxışından razı qaldım. Sonuncu pillədən qurtulmaq üçün daha da artırmalıyıq. Bu gün müəyyən rotasiyalara getməyə məcbur idik. Boşluqları doldura bildik. Nəticədən əlavə komandanın mübarizəsi məni qane etdi”.

Baxşıyev bu oyunda baxımlı qola imza atan Ülvi İsgəndərliyə buna görə mükafat verilməyəcəyini vurğulayıb və yeni transfer Klesio Baukun zədəsindən söz açıb: “Qola görə heç bir mükafat vermirik. Ülvi komandanın aparıcı oyunçularından biridir. Ondan hər an belə qollar gözləyirik.

Klesio Bauka gəlincə, o, komandaya zədəli qoşulmuşdu. Bu oyuna çıxması riskli idi. Sağ olsun, komandaya fayda verməyə çalışdı. Zədəsi ciddi deyil. Özünü qorumaq üçün oyundan çıxmaq istədi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: