“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 36-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, “qartallar”ın çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu oyundan öncə hər iki komanda qarşısına qoyulan məqsədə çatmışdı. Hər iki komandaya avrokuboklarda uğurlar arzulayıram. Aramızda çox yaxşı, prinsipial yarış keçdi. “Araz-Naxçıvan” 2-ci, biz 3-cü ola bilərdik. İki komanda da mövsümü eyni səviyyədə keçirdi. Bəzi oyunlarda bizim nəticələrimiz uğurlu alındı deyə, rəqibimizi üstələdik. Maraqlı oyun oldu. İki komanda da istəkli idi. Əsas heyətin oyunçuları ilə oynadıq ki, formalarını itirməsinlər. Futbolçularıma təşəkkür edirəm. Maraqlı və gərgin çempionat alındı. Mövsümün bitməsi münasibətilə futbol camiəsini təbrik edirəm”.
Rəşad Sadıqov klubun fəxri prezidenti Orxan Məmmədovun bu oyuna gəlməsinə də münasibət bildirib:
“Orxan müəllim futbolu sevən insandır. Minifutbol millimizin oyunu bitdikdən sonra bura gəldi. Matç bitəndən sonra futbolçulara mövsüm ərzində göstərdikləri performansa görə təşəkkür etdi. Buradan da çıxıb dərhal Rumıniya – Fransa matçına getdi. Çünki bu komandalardan biri 1/8 finalda millimizin rəqibi olacaq. Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir. Bu enerji komandaya da keçir”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördülər. Mövsümü layiqli yerdə bitirdik. Gələcək barədə mən də heç nə bilmirəm. Rəhbərliklə bu barədə danışıq olmayıb. Burada olsam da, olmasam da, komandaya uğurlar arzulayıram. “Araz-Naxçıvan” mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək”.


