Radja Nainqqolan yenidən İtaliyaya qayıtdı

Belçika yığmasının sabiq yarımmüdafiəçisi, son olaraq ölkəsində “Antverpen” klubunda oynamış Radja Nainqqolan yenidən İtaliyaya qayıdıb. Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu B Seriyası təmsilçisi SPAL-la anlaşıb.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Təcrübəli oyunçu “Antverpen”dən azad agent kimi ayrıldığı üçün, SPAL heç bir təzminat ödəmək məcburiyyətində qalmayıb. Tərəflər arasındakı müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. Lakin futbolçunun performansından asılı olaraq, yayda sözləşmənin müddəti artırıla bilər.

Nainqqolanın SPAL-a transferində bu komandaya onun keçmiş komanda yoldaşı Daniele De Rossinin rəhbərlik etməsinin rolu olub. Hansı ki, bu iki yarımmüdafiəçi vaxtilə “Roma”da çiyin-çiyinə mübarizə aparıblar. Nainqqolan hələ də karyerasını davam etdirdiyi halda, De Rossi 2020-ci ilin yanvar ayında peşəkar karyerasını başa vurmuşdu. 39 yaşlı mütəxəssis 2022-ci ilin oktyabr ayından SPAL-da baş məşqçi kimi çalışır. O, buna qədər İtaliya yığmasında köməkçi-məşqçi olaraq fəaliyyət göstərirdi.

Xatırladaq ki, Radja Nainqqolan 2021-ci ilin avqust ayında İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılaraq “Antverpen”lə 2 illik müqavilə bağlamışdı. O, Belçika komandasında meydana çıxdığı 55 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Nainqqolan daha öncə “Roma” və “İnter”dən başqa, “Kalyari” və “Pyaçentsa”da da çıxış edib. Belçika millisində 30 oyun keçirmiş futbolçu, 6 qola imza atıb.