İtaliya çempionu “Napoli”nin ispan futbolçusu, mərkəz müdafiəçisi Rafa Marin bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisi 23 yaşlı müdafiəçini icarəyə götürdüyünü açıqlayıb. İspaniyalı oyunçu 2025/2026 mövsümünün sonuna qədər “Vilyarreal”da çıxış edəcək. Müqavilədə satınalma hüququ da yer alıb.
Rafa Marin “Napoli”yə 2024-cü ilin yayında 12 milyon avro müqabilində Madrid “Real”ından keçmişdi. Amma o, ötən mövsüm Neapol klubunun heyətində cəmi 6 oyunda meydana çıxıb.
23 yaşlı futbolçu daha öncə “Real Madrid Kastilya” və “Alaves”də forma geyinib.
İspaniyanın U-17, U-18 və U-21 yığmalarında oynamış futbolçuya əsas millidə debüt etmək qismət olmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.