Rafael Benites milli komanda çalışdırmaq istəyir

“Liverpul” və “Nyukasl”ın sabiq, hazırda isə “Selta”nın baş məşqçisi Rafael Benites bir gün milli komandanı çalışdırmaq istədiyini bildirib.

Arena.az “The Athletic” dərgisinə istinadən ispan mütəxəsssin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Gələcəkdə bəlkə də milli komanda ilə işləmək istərdim. Dünya və ya Avropa çempionatında iştirak etmək imkanı əldə etmək istərdim. İngiltərə? Bu, təhlükəli sualdır, çünki ingilislərin öz işini yaxşı bilən məşqçisi var. Mənim hətta Qaret Sautqeytin heyətində dostlarım var. Bizim çox yaxşı münasibətimiz var. Amma gələcəyi düşünərək, kuboklar uğrunda mübarizə apara bilən komandaya rəhbərlik etmək istərdim.

Məğlubiyyətlərə görə çox əziyyət çəkirəm. Tez-tez uduzmayan komandada olanda, qalib gəlmək üçün mübarizə aparmağa alışırsan. Odur ki, mən uğur qazana bilən milli komandaya sahib olmaq istərdim – amma yenə də bütün bunlar gələcək üçündür”, deyə “Rafa” vurğulayıb.

Rafael Benites 2023-cü ilin iyun ayından “Selta”ya rəhbərlik edir. Onun komandası İspaniya La Lqasının 25 turundan sonra 20 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Viqoluları təhlükəli bölgədən cəmi 3 xal ayırır. La Liqaya 62 xalla “Real” başçılıq edir.

63 yaşlı mütəxəssisin “Selta” ilə müqaviləsi 2024-cü ilin 30 iyununa qədərdir.

Benites daha əvvəl “Real”, “Valensiya”, “İnter”, “Liverpul”, “Napoli” kimi sanballı komandaları çalışdırıb. O, 2005-ci ildə “Liverpul”la UEFA Çempionlar Liqasının qalibi olub. İspan mütəxəssis “Valyadolid”, “Osasuna”, “Estremadura”, “Tenerife”, “Nyukasl”, “Dalian” və “Everton”da da baş məşqçilik edib.