Rafael Fernandes və Tiaqo Morais “Lill”də

Fransanın “Lill” klubu heyətini 3 yeni futbolçu – Tiaqo Morais, Rafael FernandesAndrey İliçlə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Norveçin “Valerenqa” klubundan gəlmiş Andrey İliçə görə 3,75 milyon avro ödəmiş Liqa 1 təmsilçisi, Serbiyadan olan 23 yaşlı mərkəz hücumçusu ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Partizan”ın yetirməsi olan futbolçu karyerası ərzində “Napredak”, “Yavor”, RFS kimi klublarda da oynayıb. O, bu mövsümün əvvəlində qoşulduğu “Valerenqa”da 16 oyuna 11 qol vurub.

Tiaqo Morais Portuqaliyanın “Boavişta” klubundan 3 milyon avro qarşılığında “Lill”ə keçib. Portuqaliyadan olan 20 yaşlı sol cinah vingeri ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Boavişta”nın öz yetirməsi olan gənc futbolçu “Leyşoyş”da icarədə də olub. O, doğma komandasında 42 oyun keçirib, 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Portuqaliyanın U-18 və U-19 yığmalarında da oynamış Tiaqo hazırda U-21-ə dəvət alır.

Mərkəz müdafiəçisi olan Rafael Fernandes isə Portuqaliyanın digər klubu “Aruka”dan “Lill”ə gəlib. Fransa klubu bu transfer üçün 2,5 milyon avrosundan keçib. 21 yaşlı futbolçu da digər həmyerlisi Tiaqo kimi yeni klubu ilə 2028-ci ilin 30 iyununa kimi anlaşıb. Rafael “Sportinq”in yetirməsidir. O, 2022-ci ildən formasını geyindiyi “Aruka”da 17 matça çıxıb. Fernandes də Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.

Yeri gəlmişkən, “Lill” sağ cinah müdafiəçisi Akim Zedadkanı da “Saraqosa”ya icarəyə verib. 28 yaşlı əlcəzairli futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. “İstr”, “Lans”, “Klermon” və “Oser” kimi klublarda da oynamış futbolçu “Lill”də cəmi 12 oyuna çıxıb və 1 qol vurub. O, Əlcəzair yığmasında da 1 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: