Rafael Leao “Milan”la yeni müqavilə imzaladı – Rəsmi

İtaliyanın “Milan” klubu Portuqaliyadan olan hücumçusu Rafael Leao ilə müqavilənin müddətini artırdığını rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçunun sözləşməsinin müddəti 2028-ci il iyunun 30-dək uzadılıb.

İtaliya mətbuatının yaydığı məlumata görə, hücumçu bundan sonra “Milan”da mövsümünə 5 milyon avro əməkhaqqı və bonuslar alacaq. Yeni müqavilənin kompensasiya məbləği isə 175 milyon avrodur.

Rafael Leao “Milan”a 2019-cu ilin avqustunda Fransanın “Lill” klubundan 29,5 milyon avro qarşılığında keçib. O, 2022/2023 mövsümündə “Milan”ın heyətində 47 oyuna çıxıb, bu matçlarda 14 qol vurub, 15 məhsuldar ötürmə verib. Leaonun “Milan” karyerası bütövlükdə 162 oyun, 41 qol və 36 məhsuldar ötürmədən ibarətdir.

Portuqaliya millisinin üzvü yığmada da 18 oyuna 3 qolla yadda qalıb. O, “Milan”dan öncə “Lill” (26 oyun, 8 qol, 2 assist) və “Sportinq”də (12 oyun, 7 qol, 1 asist) forma geyinib.

Leao 2021/2022 mövsümündə İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib. “Transfermarkt” internet-portalı Rafaeli 80 milyon avro məbləğinda qiymətləndirir.