Rafael Leao və Alessio Dionisi – sentyabrın ən yaxşıları

Portuqaliya millisinin və “Milan”ın sol cinah vingeri Rafael Leao İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Leao sentyabr ayında “Milan”ın heyətində meydana çıxdığı 5 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Azarkeşlər arasında keçirilmiş onlayn sorğuda o, Domeniko Berardi (“Sassuolo”), Federiko Kyeza (“Yuventus”), Andrea Kolpani (“Montsa”), Covanni Di Lorentso (“Napoli”) və Lautaro Martinesi (“İnter”) geridə qoyub.

Xatırladaq ki, Rafael Leao 2019-cu ildən “Milan”ın uğurları üçün çalışır. 24 yaşlı futbolçu bu komandanın heyətində bütövlükdə 173 oyun keçirib, 46 qola imza atıb, 40 məhsuldar ötürmə ilə yadda qalıb. Vinger daha öncə “Lill” və “Sportinq”in (Lissabon) də uğurları üçün çalışıb. Portuqaliya yığmasında 23 oyuna çıxmış Leao 3 qola imza atıb.

Yeri gəlmişkən, A Seriyasında sentyabr ayının ən yaxşı baş məşqçisi də müəyyənləşib. Bu ada “Sassuolo”ya rəhbərlik edən Alessio Dionisi layiq görülüb. 43 yaşlı italyan mütəxəssisin komandası sentyabr ayında 4 oyun keçirib, 3 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Belə ki, evdə “Verona” (3:1) və “Yuventus”a (4:2) qalib gəlmiş bu komanda səfərdə də “İnter”i 2:1 hesabıyla üstələyib. “Frozinone” ilə səfər matçında 2:4 hesablı məğlubiyyətə baxmayaraq, Dionisi ayın ən yaxşısı elan edilib.

Alessio Dionisi 2021-ci ilin iyul ayından “Sassuolo”ya rəhbərlik edir. Bu müddətdə o, komandanı 88 oyuna çıxarıb. Bu görüşlərdə 30 qələbə, 21 heç-heçə və 37 məğlubiyyət qeydə alınıb. O, daha öncə “Empoli”, “Venetsiya”, “İmoleze” kimi komandalara da rəhbərlik edib.