Rafael Leao və Raffaele Palladino ən yaxşı seçildilər

“Milan”ın Portuqaliyadan olan hücumçusu Rafael Leao İtaliya A Seriyasında aprel ayının ən yaxşı futbolçusu seçilib. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

23 yaşlı forvard aprel ayında meydana çıxdığı 6 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. O, ayın ən yaxşı oyunçusu adı uğrunda mübarizədə komanda Lautaro Martines (“İnter”), Lorentso Pelleqrini (“Roma”), Simeone Verdi (“Verona”) və Mattia Zakkaynini (“Latsio”) geridə qoyub.

Xatırladaq ki, Rafael Leao bu mövsüm ikinci dəfədir A Seriyasında ayın ən yaxşı futbolçusu seçilir. O, 2022-ci ilin oktyabr ayının da ən yaxşısı elan edilmişdi. Çempion “Napoli”nin gürcü hücumçusu Xviça Kvaratsxeliya daha çox – 3 dəfə ayın ən yaxşısı seçilib. O, avqust (2022), fevral (2023) və mart (2023) aylarında bütün həmkarlarını qabaqlamağa nail olub. Sentyabrda Kim Min Jae (“Napoli”), noyabrda Moyze Kin (“Yuventus”), bu ilin yanvarında isə Viktor Osimhen (“Napoli”) ən yaxşı seçilib.

İtaliya A Seriyasında aprel ayının ən yaxşı məşqçisi isə “Montsa”nı çalışdıran Raffaele Palladino olub. Onun komandası ötən ay keçirdiyi beş oyundan üçündə qalib gəlib. Digər iki oyundan biri heç-heçə, biri məğlubiyyətlə bitib.

Əvvəlki aylarda İtaliya A Seriyasında ən yaxşı seçilən baş məşqçilər bunlar olublar:

Avqust 2022 – Joze Mourinyo (“Roma”)
Sentyabr 2022 – Andrea Sottil (“Udineze”)
Oktyabr 2022 – Luçano Spalletti (“Napoli”)
Noyabr 2022 – Massimiliano Alleqri (“Yuventus”)
Yanvar 2023 – Luçano Spalletti (“Napoli”)
Fevral 2023 – Tyaqo Motta (“Bolonya”)
Mart 2023 – Mauritsio Sarri (“Latsio”)