“Səbail”in yarımmüdafiəçisi Rafael Məhərrəmli klubun rəsmi saytına açıqlama verib. Arena.az xəbər verir ki, gənc oyunçu komandasının Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK üzərində qazandığı qələbəni şərh edib:
“Azərbaycan Kubokunda ilk matçımızı keçirdik. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Kubok oyunları hər zaman gərgin olur. Burada rəqibin Birinci Divizion və ya Premyer Liqa komandası olmasının fərqi olmur. MOİK-ə qarşı oyunumuz istədiyimiz kimi alındı. Qələbə qazanmağı bacardıq. Hazırda komandamızda əhvali-ruhiyyə yaxşıdır”.
Rafael Məhərrəmli Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacaqları “Sabah” haqqında da fikirlərini bildirib:
“Növbəti mərhələdəki rəqibimiz “Sabah”dır. Bu komanda haqqında xüsusi fikir bildirməyə, məncə, ehtiyac yoxdur. Çox güclü rəqibə qarşı oynayacağıq. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Lakin dediyim kimi, rəqibin kimliyindən aslı olmayaraq, bizi çətin və bir o qədər də maraqlı oyun gözləyir. Bütün komandalar kimi, biz də kuboku qazanmaq istəyirik. Bunun üçün də var gücümüzlə çalışacağıq. Mərhələ adlayıb, irəliləmək istəyirik. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Xatırladaq ki, “Səbail” MOİK ilə oyundan 4:0 hesablı möhtəşəm qələbə ilə ayrılıb. “Dənizçilər”in “Sabah”la oyunları isə dekabrda baş tutacaq. Dekabrın 9-da bu rəqibini doğma meydanda qəbul edəcək “Səbail”, ayın 19-da səfər matçına yollanacaq.
Məhərrəmli bu ilin yayında “Şamaxı”dan “Səbail”ə transfer olunub. 23 yaşlı yarımmüdafiəçi daha öncə “Qarabağ” və “Zirə”də də forma geyinib.