“Tottenhem”in niderlandlı keçmiş futbolçusu Rafael van der Vart “Bayern”in ingilis hücumçusu Harri Keynə rəğbət bəslədiyini bildirib.
Arena.az Van der Vartın bu barədə fikrini təqdim edir:
“Onun “Tottenhem”dən İngiltərənin başqa bir klubuna keçməməsinə şadam. O, “Tottenhem”də gənclər sistemindən gəlib, klub ona hər şeyi verdi, sonra “Mançester Yunayted”də oynayırsan və “mahmızlar”a qol vurursan? Bu, məqbuldur, amma Harri üçün yox.
Onun “Bayern”ə keçidi yaxşı nəticələndi. Anlaşılır ki, o, nəsə qazanmaq istəyir, “Bayern” isə adətən hər il qənimətlər qazanır. Keyn bu kluba qoşulur, yenə 40 qol vurur, sonra isə birdən Leverkuzen “Bayer”i gəlir… Onun bəxti nə qədər gətirmədi? Keynə elə yazığım gəlir ki…”, deyə Rafael van der Vart bildirib.
Xatırladaq ki, Harri Keyn İngiltərənin “Tottenhem” klubunun yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 3 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Keyn Almaniya nəhənginin ümumilikdə 48 oyun keçirib, 46 qol vurub, 14 məhsuldar ötürmə verib.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyun keçirib. O, bu oyunlarda 68 qola imza atıb, 19 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində bir qənimət belə, qazana bilməyib.