Rafael Varan: “Dərhal bu layihənin bənzərsiz olduğunu gördüm”

Fransalı mərkəz müdafiəçisi Rafael Varan “Komo”ya azad agent qismində qoşulması haqda qərarına aydınlıq gətirib.

Arena.az “Komo”nun mətbuat xidmərinə istinadən, fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Əvvəlcə, bu layihənin məğzinin nədən ibarət olduğunu bilmək mənə maraqlı idi. Sonra isə dərhal sezdim ki, bu, mənə təklif edilən hər hansı digərindən fərqli olaraq, xüsusi biridir.

Çox xoşbəxtəm. Görüləsi çox iş var, bu, cəlbedicidir. Mənim yüksək səviyyədə böyük oyun təcrübəm var, ona görə də indi bu bilikləri paylaşa və kluba möhkəmlənməyə və ümidvaram ki, zirvəyə yüksəlməyə kömək edə bilərəm. Bu, çox həyəcanlıdır”, deyə Varan bildirib.

Xatırladaq ki, “Komo” 2003-cü ildən bəri ilk dəfə olaraq İtaliya A Seriyasında oynayacaq. İspan mütəxəssis Sesk Fabreqasın çalışdırdığı kollektiv nəhənglərə qafa tutmağa iddialıdır.

Bu yay “Mançester Yunayted”dən azad agent kimi ayrılmış Rafael Varan “Komo” ilə 2+1 illik müqavilə imzalayıb. O, 2021-ci ilin avqust ayından Mançester klubunda çıxış edirdi. 31 yaşlı futbolçu ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər çərçivəsində 30 oyun keçirib və 1 qol vurub. Varanın “Mançester Yunayted” karyerası bütövlükdə 95 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Varan daha öncə “Real” və “Lans” klublarında forma geyinib. Onun futboldakı əsas uğurları da məhz İspaniya klubu ilə bağlıdır. Rafa Madrid nəhənginin heyətində çoxsaylı titullara sahib çıxıb, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Varan 2013-cü ilin mart ayında debüt etdiyi Fransa milli komandasında 93 oyun keçirib. Müdafiəçi bu görüşlərdə 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, yığmanın heyətində DÇ-2018-in qalibi olub.